-
- 19-09-2023, 20:28
- 152
Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə GÖRÜŞDÜ
19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyindən məlumat verilib.
Nazirlər Azərbaycan və İtaliya arasında əlaqələrin bütün sahələrdə, xüsusilə, iqtisadi, enerji, humanitar əlaqələrin yüksələn xəttlə inkişafından məmnunluq ifadə ediblər. Bu kontekstdə, iki ölkə arasında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov tərəf müqabilini Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində Azərbaycan tərəfindən atılan ardıcıl addımlar haqqında məlumatlandırıb. İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından iştirak etməsi məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov İtaliyadan olan həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.
Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir.
Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.
Son olaraq, 19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.
Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.
Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb. Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.
Nazir C.Bayramov vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür.
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir müdadiləsi aparılıb.