"Qarabağ müharibələri artıq başa çatıb" -Türkiyəli POLİTOLOQ
    • 23-09-2023, 14:19
    • 249

"Qarabağ müharibələri artıq başa çatıb" -Türkiyəli POLİTOLOQ

"Qarabağ müharibəsi üç mərhələdən ibarətdir. Bildiyiniz kimi, 90-cı illərin əvvəllərində soyuq müharibənin başa çatması ilə Ermənistan Azərbaycanın və Qafqazın qarışıq siyasi mövqeyindən istifadə edərək Qarabağı işğal etdi. Onlar işğal etdikləri ərazilər ilə "böyük Ermənistan" qurmağı xəyl edirdilər"

Bu sözləri News24.az-a açıqlamasında türkiyəli politoloq Cantürk Caner Xankəndidəki separatçı rejimin kapitulyasiyasından danışarkən dedi:

"Birinci mərhələdə Ermənistan ilk olaraq beynəlxalq hüquq və beynəlxalq legitimlik tərəfindən tanınmayan, qondarma "Dağlıq Qarabağ Respublikası" adı altında, iyirmi beş min erməni əhalisinə əsaslanan süni dövlət qurdu. Onlar, bu dövlətlə status-kvo (mövcud vəziyyəti olduğu kimi saxlamaq) yaratdı və bu da təxminən otuz il davam etdi.  Regionda baş verən hadisələrin tarixi prosesinin ikinci mərhələsində də 2020-ci il noyabrın 10-da qırx dörd gün davam edən ikinci Qarabağ müharibəsi baş verdi".

Onun sözlərinə görə, Azərbaycan qüvvələri son otuz ildə silahlı qüvvələrini modernləşdirdi, yenidən koordinasiya etdi və bölgənin erməni işğalına böyük müvəffəqiyyətlə son qoydu:

"Ermənistanın bütün Qarabağın Azərbaycan ərazisinə aid olduğunu qəbul etməsi bizim üçün çox vacibdir. Çünki 2020-ci ilə qədər Ermənistan belə bir prosesdən imtina edirdi.İkinci Qarabağ müharibəsi ilə Ermənistan bunu qəbul etməyə məcbur edildi".

C.Caner qeyd etdi ki, Azərbaycan rəsmilərinin Yevlaxda açıq şəkildə bəyan etdiyi kimi, Azərbaycan qoşunları konstitusiya sərhədləri daxilində öz ərazilərində antiterror əməliyyatı həyata keçirib:

"Bu, Türkiyənin öz bölgəsində, yəni Cənub-Şərqi və Şərqi Anadolu bölgələrində keçirdiyi tədbirlərlə oxşardır. Yəni Türkiyə Cümhuriyyəti kimi, Azərbaycan da öz sərhədləri daxilində terrora qarşı mübarizə aparır. Qarabağdakı separatçı qoşunlar hazırda terrorçu statusundadır. Azərbaycan rəsmiləri bunu artıq çox açıq şəkildə bildirirlər.Yəni bu üçüncü dövrdə baş verən antiterror əməliyyatını biz Ermənistan-Azərbaycan müharibəsi və ya Qarabağ müharibəsi və ya üçüncü Qarabağ müharibəsi kimi müəyyən edə bilmərik. Qarabağ müharibələri artıq başa çatıb. Qarabağın Azərbaycan ərazisi olması rəsmən təsdiqlənib. 21 sentyabr razılaşması çərçivəsində həmin separatçı ermənilər Rusiya sülhməramlılarının nəzarəti altında bölgəni tərk edəcəklər. Onlar silahlarını yerə qoyacaqlar və bundan sonra da Qarabağın sülhü, firavanlığı bütünlüklə  Azərbaycan dövlətinə keçəcək".

Aydan