-
- 23-09-2023, 15:24
- 2 353
Yaxşı yaşayış üçün gözümüzü Azərbaycana dikməliyik - Georgi Arakelyan
Yaxşı yaşayış üçün biz ermənilər gözümüzü qərbə - Ermənistan tərəfə deyil, şərqə - Azərbaycan tərəfə dikməliyik.
News24.az xəbər verir ki, bunu Trend-ə Qarabağ Erməniləri Hərəkatının üzvü Georgi Arakelyan deyib.
"Gözlənildiyi kimi, Ermənistan bizi atdı. Bütün bunlar ona görədir ki, biz onlar üçün həmişə yad olmuşuq. Sovet illərində də, Sovet İttifaqı dağıldıqdan sonra da. 80-ci illərdə "miatsum" ideyası sırf Ermənistanda yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsi üçün düşünülmüşdü.
80-ci illərdə olduğu kimi, indi də bizi istifadə edib kənara tulladılar. Tarix təkrarlanır. Ümid edirəm, Qarabağ erməniləri, nəhayət, anlayacaqlar ki, yaxşı yaşamaq üçün gözlərini qərbə - Ermənistan tərəfə deyil, şərqə - Azərbaycan tərəfə dikməlidirlər".
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyib.