"İran Azərbaycana məsləhət verəcək ən sonuncu dövlətdir" - ŞƏRH
    • 23-09-2023, 17:45
    • 396

"İran Azərbaycana məsləhət verəcək ən sonuncu dövlətdir" - ŞƏRH

Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi Qarabağ ermənilərinin təhlükəsizliyinin vacibliyini vurğulayıb:

“Qarabağ şübhəsiz ki, Azərbaycan Respublikasına məxsusdur, lakin ermənilərin hüquqlarını elə təmin etmək lazımdır ki, regionda onların təhlükəsizliyi və hüquqları qorunsun".

Son 30 ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və təcavüzləri, həmçinin xalqımızın başına gətirdiyi faciələr qarşısında susan İran Ermənistana havadarlıq etməklə məkrli siyasətindən əl çəkmədiyini bir daha sübut elədi. Molla rejimi verdiyi açıqlamalarda regionda geosiyasi dəyişiklik istəmədiyini, Zəngəzur dəhlizinə qarsi oldugunu hər dəfə dilə gətirir.

Maraqlıdır, İran bu ikiüzlü, məkrli siyasətini nə vaxtadək davam etdirəcək?

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, İran bölgədə ara qarışdırmaqla, su bulandırmaqla məşğul olub, özünün varlığı, hegemonluğunu nəzərə çatdırmaq istəyir:

"Ancaq biz İranın varlığını qəbul edirik, hegemonluğunu isə yox. İran bizimlə normal dildə danışmalıdır. Normal qonşu kimi dostluq, əməkdaşlıq münasibətləri olmalıdır. İranın mövqeyi hər zaman məlumdur. O, vaxt Azərbaycana rəhbərlik edən Yaqub Məmmədov İrana çağırıldı və dərhal sonra Şuşa işğal olundu. İşğal dövründə də İranın hansı mövqeyi tutması bütün dünyaya məlumdur. İran Birinci Qarabağ müharibəsi dövründə ermənilərlə əlbir  olub insanların tərk ediyi evləri taladı"

E.Məmmədovun sözlərinə görə, antiterror tədbirlərindən sonra da cənab İlham Əliyev  xalqa müraciətində açıq-aydın bəyan etdi ki, o ərazidə yaşayan insanlar milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bizim sakinlərdir və onların təhlükəsizlik, hüquqi təminatları bizim daxili problemimizdir və biz onu yüksək səviyyədə təmin edəcəyik:

"Azərbaycan çoxmillətli bir dövlətdir. Nə qədər ki, Azərbaycanda digər etnik qruplar var, Qarabağ ərazisində yaşayan ermənilər də etnik qrup kimi, heç bir fərq olmadan bütün hüquqi və hər cəhətdən təminatına normal şəraitdə yaşayacaqlar"

Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, İran bu mövzuda Azərbaycana məsləhət verəcək ən sonuncu dövlətdir:

"İran öz millətini əzən bir ölkədir. Onlar heç vaxt humanizmdən danışa bilməzlər. Azərbaycanda milli azlıqlara verdiyimiz dəyəri əslində İran nümunə götürməlidir. Biz Qarabağda yaşayan erməni əsilli sakinləri həm təhsil,həm vicdan azadlığı hüququ ilə təmin edirik. Mənim fikrimcə biz, bu mövzuda kitab çıxarıb İran rəsmilərinə göndərməliyik ki, bəlkə oxuyub nəsə öyrənələr".

Aydan