-
- 26-09-2023, 20:27
- 246
Azərbaycan Ermənistandakı AES-in yaratdığı risklərdən narahatdır
“Azərbaycan Ermənistandakı atom elektrik stansiyasının (AES) fəaliyyəti ilə bağlı ortaya çıxan təhlükəsizlik risklərindən narahatdır”.
News24.az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı deyib.
“Biz dövlətlərin nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə hüququnu tam dəstəkləyirik. Lakin bu texnologiyalar transsərhəd xarakter daşıdığından potensial nəticələr də nəzərə alınmalıdır. Azərbaycan, o cümlədən, Metsamor AES ilə bağlı risklərdən narahatdır”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, Ermənistandakı AES 1976-1980-ci illərdə aktiv seysmik zonada köhnəlmiş texnologiyalar əsasında tikilib. “Köhnəlmiş texnologiyaların istifadəsi və avadanlığın köhnəlməsi, eləcə də seysmik aktiv regionun olması - bütün bunlar Metsamor AES-i bütün region üçün narahatlıq mənbəyinə çevirir”, - T.Əmiraslanov vurğulayıb.
O əlavə edib ki, Bakı İrəvanı BAEA-nın tövsiyələrini yerinə yetirməyə və qonşu ölkələrin narahatlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlər görməyə çağırır.