Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
    • 18-03-2019, 11:06
    • 1 455

Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.   

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq.

Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir.
Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.

25 fevral 2019-cu il tarixli Sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin  hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.