Atamla bağlı sənədləri ortaya qoymasa..." — Araz Əlizadədən deputat həmkarına SƏRT İSMARIC
    • 26-07-2018, 18:54
    • 1 088

Atamla bağlı sənədləri ortaya qoymasa..." — Araz Əlizadədən deputat həmkarına SƏRT İSMARIC

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə həmkarı Fəzail Ağamalının atası haqqında səsləndirdiyi fikirlərə sərt cavab verib.

Əbülfəz Elçibəyin məhkəməsində ona qarşı ifadə verənlərdən biri Fəzail Ağamalı olub:

"Mənim atamın bu prosesdə iştirak edib-etməməsi, ifadə verib-verməməsi haqqında mən sorğu ilə çıxış etmişəm. Mənim sorğuma cavab olaraq bildirilib ki, atam nə məhkəmədə, nə də istintaq prosesində iştirak etməyib. Ümumiyyətlə, atamın Əbülfəz Elçibəyə qarşı ifadə verməsi haqqında heç bir məlumat yoxdur. Mən bununla bağlı Fəzail Ağamalıya geniş cavab vermişəm. İndi o, yenə bu mövzuya qayıdırsa, yenə deyirəm ki, Fəzail Ağamalı qələt edib, başını daşa döyüb, atamın adını çəkir. Fəzail Ağamalı da mənim kimi deputatdır. Vaxtilə mən Fəzail Ağamalıya müraciət edib demişdim ki, əgər atamın Əbülfəz Elçibəyə qarşı ifadə verməsinin sübut edən sənədləri ortaya qoymasa, atasından bixəbərdir. Mən Fəzail Ağamalını təhqir edirəmsə, buyurub məni məhkəməyə versin. Mən məhkəmədə onunla görüşməyə hazıram".

Deputat deyib ki, Fəzail Ağamalı millət vəkilliyinə layiq adam deyil:

"Fəzail Ağamalı millət vəkili deyil, zillət vəkili olduğunu Gəncə hadisələri zamanı da sübut edib. O, Gəncə hadisələri zamanı terrorizmi mühakimə etmək əvəzinə, sual ünvanladı ki, axı nə üçün icra başçısının cangüdəni var? Fəzail Ağamalı bu sualı ilk növbədə özünə verməlidir ki, nə üçün onun qardaşı qızı Bakı Dövlət Universitetində oxuyanda cangüdənlə gəzirdi? Fəzail Ağamalı anlamır ki, əgər mühafizə olmasa, bizdə nə qədər dövlət xadimini öldürə bilərlər. Vaxtilə Milli Məclisdə deputatlara odlu silahın verilməsi məsələsini qaldıran birincilərdən biri məhz Fəzail Ağamalı olub. O vaxtı Fəzail Ağamalı qorxurdu, elə bilirdi ki, onun canı kiməsə lazımdır".

Xatırladaq ki, deputat Fəzail Ağamalı tanınmış jurnalist Əvəz Zeynallının “Strateq.az”da həyata keçirdiyi “Qaynar Qazan” layihəsinə müsahibəsi zamanı Zərdüşt Əlizadənin atasının Əbülfəz Elçibəyin əleyhinə ifadə verdiyini bildirib. 

// Ölkə.az