Uşağınıza oyuncaq alarkən bu məqamlara diqqət edin — Həkim MƏSLƏHƏTİ
    • 3-10-2023, 19:30
    • 380

Uşağınıza oyuncaq alarkən bu məqamlara diqqət edin — Həkim MƏSLƏHƏTİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartı qəbul edilib.

News24.az Demokrat.az-a istinadən xəbər verir ki, dövlət standartı səkkiz yaşına çatmış və yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir. Dövlət standartı, həmçinin bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübərin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir.

Pediatr Aytən İsmayılzadə oyuncaq alarkən böyüklərin diqqət etməli olduğu məqamlar barədə Demokrat.az-a danışıb:

“Valideynlər oyuncaqların hissələrə ayrılmamasına, cırılmamasına, qopmamasına diqqət etməlidirlər. Oyuncaqların kənarı kəsici olmamalıdır. Təkəri çıxa bilən, hissələrə ayrıla bilən oyuncaqlardakı maddələr uşaqların nəfəs yoluna gedə bilər. Oyuncağın üstündə muncuqlar varsa, uşaq onu qoparıb ağzına apara bilər, boğula bilər. Bunlar təhlükəli hallardır. Kənarları iti olan oyuncaqlar uşağın gözünü zədələyə bilər, bədəninə bata bilər”. 

A.İsmayılzadə ucuz oyuncaq almamağı tövsiyə edib:

“Oyuncaqlar yuyula bilən materialda olmalıdır Bükülən oyuncaqlar istifadə üçün arzuolunan deyil. Toz yığır, bu da uşağın nəfəs alması üçün zərərlidir, allergiyaya səbəb ola bilər. Yaxşı olar ki, taxta materialdan olsun və ya tərkibində zərərli kimyəvi maddələr olmayan klassik materiallardan olsun.   Mütləq personajlara fikir vermək lazımdır, oyuncaq nəyi ifadə edir. Son zamanlar vəhşi, aqressiv oyuncaq personajları yaradılır. Bu, uşaqların psixologiyasına təsir edir, qorxulu yuxular görmələrinə səbəb olur. Belə oyuncaqlar şüuraltına yaxşı mesajlar ötürmür. Oyuncaqlar həm də uşaqlarda qrup oyunlarının keçirilməsinə xidmət etməlidir. Məsələn, mətbəx əşyalarını əks etdirən oyuncaqlarla qız uşaqları kollektiv oynaya bilir. Maşınları isə oğlan uşaqları tək oynadır, yanaşı elə bir oyuncaq seçməliyik ki, məsələn polis fiquru, bir neçə uşaq birlikdə vaxt keçirə bilsin. 4 yaşından artıq uşaqlarda obraza girmək qabiliyyəti formalaşır. Bu, onlarda düzgün davranışların yaranması və sosiallaşmaları üçün vacib məqamdır”.