-
- 4-10-2023, 13:21
- 459
Gülüstan İsayeva məndən 1000 manat rüşvət istədi - Şahid
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə şahid Akif Quliyev ifadə verərkən təqsirləndirilən şəxslər etiraz edib. Hər iki şəxs Akif Quliyevlə aralarında problem olduğunu deyib.
Daha sonra ifadə verən şahid A. Quliyev qeyd edib ki, Gülüstan İsayeva ondan 1000 manat rüşvət istəyib:
"Səbuhi İsayevin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunda mənim hesabıma işə qəbul edildi. Mən Maisə xanımın qəbuluna girib xaiş etdim ki, Səbuhini işə götürsün. 2022-ci ilin may ayına qədər aramız yaxşı olub. Ekspedisiyaya getməmişdən əvvəl Gülüstan xanım məndən 1000 manat tələb etdi. Soruşdum ki, bunu niyə verməliyəm? Dedi ki, hamı verir, sən də verməlisən, şirinlikdir. Mən pul vermədim. Dedim ki, şikayət edəcəm. Bir gün Maisə xanım mənə zəng etdi ki, Gülüstan xanım institutda korrupsiya hallarının araşdırılması ilə bağlı Prezident Aparatına şikayət edib.
Səbuhi ekspedisiyalarında qazıntı aparmırdı. O, kəşfiyyat işinə baxırdı. O iş üçün də cəmi 2-3 nəfər bəs edirdi. Ancaq Səbuhu İsayev öz ekspedisiyalarına sənəd üzərində 12-13 nəfər apardığı deyilirdi. Gülüstan İsayeva vəzifəsindən istifadə edib Səbuhiyə ekspedisiya verirdi".
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış etdilər. Vəsatətdə deyilir ki, ilkin istintaq zamanı dindirilən şahidlər Səbuhi İsayevin ekspedisiyaları ilə yanaşı başqa şəxslərin də ekspedisiyalarında iştirak etməyiblər.Vəkillər məsələnin ciddi araşdırılmasını istəyib.
Hakim vəsatəti təmin edib. O, bildirib ki, istintaq orqanı bu məsələyə ciddi yanaşmayıb.
Proses oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313(vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Samir Əli