Azərbaycanda “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb - FƏRMAN
    • 6-10-2023, 17:58
    • 203

Azərbaycanda “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb - FƏRMAN

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

News24.az-ın xəbərinə görə, Fərmanla “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb.

“Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə” təsdiqlənib.

Müəyyən edilib ki, “Normativ hüquqi aktlar” informasiya sistemi (bundan sonra — Sistem) Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasını, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və yuxarı orqanlara təqdim olunmasını elektron qaydada təmin edir, sistemin sahibi funksiyalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Nazirlər Kabinetinə normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sistemin aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməli, sistemin “Hökumət buludu”nda yerləşdirilməsi üçün texnoloji mühiti təmin etməli,“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə təmin etməlidir.