Hərbi qulluqçular Səməd Vurğunun ad gününü qeyd ediblər
    • 22-03-2019, 04:43
    • 951

Hərbi qulluqçular Səməd Vurğunun ad gününü qeyd ediblər

Martın 21-i baharın ilk günü olmaqla yanaşı, həm də xalq şairi Səməd Vurğunun ad günüdür. Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusu bu gün Qazax rayonunun Yuxarı Salahlı kəndinə gedərək Səməd  Vurğunun doğma kəndində şairin ad gününü qeyd ediblər. Müdafiə Nazirfliyindən News24.az-a verilən məlumata görə, əvvəlcə Səməd Vurğunun abidəsi ziyarət olunub, qarşısına əlvan qərənfillər düzülüb. Hərbi qulluqçuların nəzərinə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə şairin 70 illik yubileyi ərəfəsində 1975-ci ildə Bakıda Səməd Vurğunun ev muzeyi açılandan bir il sonra şairin doğma kəndi Yuxarı Salahlıda həmin muzeyin filialı – Səməd Vurğun Poeziya evi açılıb. Yerli monumental və xatirə abidələri siyahısına daxil edimiş bu filialda Səməd Vurğunun həyat və yaradıcılığına dair xeyli eksponat nümayiş olunur. Hər il buranı yüzlərlə  adam ziyarət edir. Poeziya evində silsilə tədbirlər həyata keçirilir. Poeziya evinin direktoru Mətanət Rəhimova əməkdaşları ilə birlikdə hərbi qulluqçuları bayram xonçası və səməni ilə qarşılayıb. Bələdçi Ziba Məmmədova bir birindən maraqlı fotolar, sənədlər, xatirə əşyaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib, döyüşçülərin suallarını cavablandırıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani Səməd Vurğun yaradıcılığında vətənpərvərlik mövzusu ilə bağlı geniş söhbət açıb. Böyük Vətən müharibəsinin ilk günlərindən böyük şairin “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən” deyərək qələmini süngüyə çevirdiyini, xalqı və döyüşçüləri qələbəyə ruhlandırdığını, dəfələrlə cəbhəyə gedərək Azərbaycan əsgərinə ürək-dirək verdiyini vurğulayıb. “Ananın öyüdü”, “Partizan Babaş”, “Mənə belə söylədilər”, “Göz aydınlığı” və digər şeirlər döyüşçülər tərəfindən həyəcanla dinlənilib. Zabit Vüqar Alacov qeyd edib ki, Səməd Vurğun poeziyası bu gün də aktualdır və ordu gənclərinin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsi işində kəsərli silahımızdır. Azərbaycan əsgəri Səməd Vurğun şeirlərini sevir və onu həvəslə oxuyur. Hərbi qulluqçular şairin məşhur Azərbaycan şeirinin “El bilir ki, sən mənimsən” misrası ilə başlayan bəndini birlikdə söyləyərək azərbaycanlı olmaları ilə fəxr etdiklərini, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Ulu öndər Heydər Əliyevin səsləndirilən “Əziz şairimiz, sənin canın qədər sevidiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır” kəlamları alqışlarla qarşılanıb. Səməd Vurğun Poeziya evinə Müdafiə Nazirliyinin adından vətənpərvərlik mövzusunda kitablar hədiyyə edilib, fəxri qonaqlar kitabına rəy yazılıb. Səməd Vurğun Poeziya evindən xoş təəssüratlarla ayrılan hərbi qulluqçular gün ərzində Qazax rayonunda Səməd Vurğunun adı ilə bağlı yerlərdə olub, şairin abidələri qarşısında şəkil çəkdiriblər.