-
- 10-10-2023, 14:30
- 490
Elnarə Bəkirovanın atasını öldürüb quyuya atanların məhkəməsi başlayır
Bakıda tanınmış modelyerin atasını qətlə yetirib su quyusuna atmaqda təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
News24.az-ın məlumatına görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İttihama görə, hadisə bu il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar.
Onu da qeyd edək ki, K.Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə həmin gün polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə K.Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Mərhum K.Bəkirov rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Samir Əli