-
- 18-10-2023, 09:50
- 400
Bu gün Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır - Deputat
«Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan şəhərinin işğaldan azad olunması 44 günlük müharibədə ordumuzun ən parlaq qələbələrindən biri kimi yadda qalıb. Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biri idi.»
Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa edilib. Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi. İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanır və Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alınır. Qubadlı mühasirəyə alınır və qısa zamanda azad olunur. Zəngəzur bölgəsi nəzarətə götürülür. Beləliklə də, ordumuz İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı qazanır. Hərbçi mütəxəssislər Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunmasında əhəmiyyətini xüsusi olaraq qeyd edirlər. Çünki, Zəngilanın azad olunması ilə Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan tərəfindən gələn hərbi və qida yüklərinin qarşısını almışdı.
Deputat diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 26-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
K.Bayramov əlavə edib ki, bu gün Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – «ASAN», «DOST», kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib və onların sayı tezliklə 10 minə çatdırılacaq.
Aynurə