Bakıda fəhlələr arasında DAVA: Siqaretə görə...
    • 26-10-2023, 11:05
    • 419

Bakıda fəhlələr arasında DAVA: Siqaretə görə...

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəhman Salahovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

News24.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 14 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Bakı Yaşayış Kompleksi”nin həyətində qeydə alınıb.

 Belə ki, Rəhman Salahov işlədiyi həmin ərazidə iş yoldaşı, zərərçəkmiş Mirəli Qafarzadə (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan siqaret istəməsi olub. O, Mirəliyə siqaretinin olmadığını deyib. Bu zaman zərərçəkmiş şəxs onu söyüb. Nəticədə Rəhman naməlum deşici-kəsici alətlə Mirəli Qafarzadənin döş qəfəsindən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

Daha sonra Rəhman Salahov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb./Pravda.az