Hərbi xidmətdən yayınan laçınlı əkizlər HƏBS EDİLDİ
    • 26-10-2023, 19:34
    • 495

Hərbi xidmətdən yayınan laçınlı əkizlər HƏBS EDİLDİ

Azərbaycanda hərbi xidmətdən yayınan əkiz qardaşlar həbs edilib.  

News24.az-ın məlumatına görə,  Laçın rayonunun Qarakeçdi kənd sakini, 2004-cü il təvəllüdlü İlkin Quliyevə və əkiz qardaşı Qulama (şərti) 18 yaşları tamam olduqdan sonra 2022-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmaqla bağlı çağırış vərəqəsi gəlib. Lakin prosesdən 6 ay keçməsinə baxmayaraq qardaşlar çağırışa gəlməyib. 

Onlar habelə kirayədə qaldıqları yaşayış yerini dəyişdirərək gizləniblər. Yerləri müəyyən edildikdə isə qardaşlar ülgüclə qollarına xəsarət yetiriblər. Gənclər psixoloji durumlarının hərbi xidmətə getməyə uyğun olmadığını bildiriblər.

Lakin sonradan hər iki şəxs bir neçə dəfə tibbi müayinədən, eləcə də psixoloji müayinədən keçiriliblər və xidmətə yararlı olmaları müəyyən edilib. Bundan sonra da hərbi xidmətdən yayınan İlkin 1 saylı Respublika Psixiatrik Xəstəxanasına aparılıb. Orada da onda ciddi problemin olmaması barədə rəy verilib və hərbi xidmətə yararlı elan edilib. Buna baxmayaraq, İlkin heç vaxt hərbi xidmətə getməyəcəyini deyib. O, əsgərliyə gedərsə, nəsə pis bir hadisənin baş verəcəyindən qorxduğunu söyləyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələ ilə bağlı sənədləri toplayaraq aidiyyəti qurumlara təqdim edib. Hər iki qardaş əyani tibbi müayinədən keçirilərkən məlum olub ki, özünü anlaqsız kimi tanıdan şəxs əslində tam sağlamdır, anlayışlıdır. 

Bundan sonra İlkin və Qulam Quliyevlərlə bağlı materiallar Laçın Rayon Prokurorluğuna göndərilib və barələrində cinayət işi açılıb.

Laçın Rayon Məhkəməsinin 24 oktyabr tarixli hökmü ilə rayonun Qarakeçdi kənd sakini, 2004-cü il təvəllüdlü İlkin və Qulam Quliyevlər Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum ediliblər.

Samir ƏLİ