-
- 2-11-2023, 09:52
- 306
Elmar Məmmədyarov 32 illik sirri açdı: “Desəm ki...”
1991-ci ildə Azərbaycanın bir dövlət kimi tanınması üçün Azərbaycan Ali Sovetinin dünya xalqlarına ünvanladığı ilk müraciətin əlyazmasını sabiq xarici işlər naziri Elmar Məmmədyarovun tərtib etməsi ilə bağlı məlumat yayılıb.
News24.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Elmar Məmmədyarov həmin dönəmdə Rusiyadan yenicə qayıtdığını bildirib.
O, 1991-ci ildə Xarici İşlər Nazirliyində (XİN) protokol idarəsinin rəisi vəzifəsində çalışdığını deyib:
"Ali Sovet həmin bəyanatı qəbul edən zaman XİN-ə tapşırıldı ki, müstəqillik xəbərini bütün dünyaya yayaq. O zaman protokol şöbəsi də bu işlə məşğul olurdu. Düzünü desəm, bu, texniki iş idi. Bütün işləri mənim gördüyümü desəm, gülərlər ki, yekə adamdır, yalan danışır. Müstəqilliyin tanınmasını Ali Sovet qəbul edirdi, daha sonra da XİN-ə tapşırılırdı ki, xəbəri yayaq. Ona görə də işlərin hamısını Elmar Məmmədyarovun tək etdiyini deməzdim. Bir şeyi də qeyd edim ki, müstəqilliyin elan edilməsi məsələsində deputatların da rolu var. Onlar yazıb, biz də yaymışıq”.
Deputat Sabir Rüstəmxanlı deyib ki, o vaxt deputat bloku var idi və müstəqillik haqqında sənəd hazırlamağa hamımız hazır idik:
"Müstəqillik elan olunduqdan sonra dünya ölkələrinə müraciətin kimin tərəfindən hazırlanmasından asılı olmayaraq, müraciət Ali Sovet və ya XİN tərəfindən göndərilməli idi. Ona görə də kimin və haradan göndərməsi önəmli deyildi. Önəmli olan müstəqil dövlət olmağımız idi”.