Rişi Sunak daxili işlər nazirini vəzifəsindən AZAD ETDİ
    • 13-11-2023, 13:00
    • 139

Rişi Sunak daxili işlər nazirini vəzifəsindən AZAD ETDİ

Böyük Britaniyanın baş naziri Rişi Sunak daxili işlər naziri Suella Bravermanı Fələstinə dəstək nümayişləri zamanı polisin hərəkətlərini tənqid edən məqalə yazdıqdan sonra vəzifəsindən azad edib.

News24.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

"Daxili işlər naziri Suella Braverman Rişi Sunak tərəfindən vəzifəsindən azad edilib" – deyə məlumatda bildirilib.  

Eyni zamanda bazar ertəsi Sunak Nazirlər Kabinetinin tərkibində bir sıra dəyişiklikləri elan etməyi planlaşdırır.

Braverman ötən həftə həm müxalifət, həm də hakim “Mühafizəkarlar Partiyası”ndakı bir sıra həmkarları tərəfindən sərt tənqidlərə məruz qalıb. 

Ötən həftə o, “The Times” nəşri üçün Fələstin tərəfdarının etiraz aksiyasını "nifrət yürüşləri" kimi təsvir edən, onları Şimali İrlandiyadakı İrlandiya Respublikaçılarının etiraz aksiyaları ilə bərabər tutan, və polisin bu cür yürüşlərə icazə verərək “solçu fəallara dəstək” olduğunu qeyd edən məqalə yazıb.

Teymur Məmmədov