Cəlilabadın sabiq baş memarı məhkəməyə çıxarılır
    • 14-11-2023, 14:58
    • 195

Cəlilabadın sabiq baş memarı məhkəməyə çıxarılır

Cəlilabad Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərli və Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

News24.az-ın məlumatına görə, cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Hüseynovun icraatındadır. Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Samir Əli