Yerdəyişmə edən müəllimlər üçün mühüm xəbər - Bu il tamam fərqli olacaq
    • 28-07-2018, 12:48
    • 1 167

Yerdəyişmə edən müəllimlər üçün mühüm xəbər - Bu il tamam fərqli olacaq

Avqustun ayının ikinci yarısı və sentyabr ayının birinci yarısında Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müəllimlərin müddətli müqavilə ilə işə qəbulu həyata keçiriləcək.

Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu qaydalarında göstərilir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra Təhsil Nazirliyi tərəfindən əlavə yerləşdirmə keçirilə bilər: "Ancaq bu il planlaşdırılır ki, əlavə yerləşdirmə deyil, sırf müddətli müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçirilsin”.

M.Camalzadə deyib ki, bu il baş verən ən ciddi dəyişikliklərdən biri ümumtəhsil müəssisələrində vakant olan və ya müsabiqədən sonra yaranan vakant yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi olacaq.

Mərkəz müdiri əlavə edib ki, ötən illərdə bu prosesin həyata keçirilməsi üçün yerli təhsil idarəetmə orqanları tərəfindən müəllimlər dəvət edilirdi və onlarla müddətli müqavilə bağlanılırdı:

"Bu il isə tamamilə fərqli olacaq. Müsabiqənin əsas hissəsində vakant yerlər necə tutulursa, müddətli müqavilə ilə də işə qəbul həmin formada həyata keçiriləcək. Yəni müsabiqə başa çatdıqdan sonra qalan və yeni yaranan bütün vakant yerlərə sənəd qəbulu aparılacaq və imtahanda iştirak edən, eləcə də əvvəlki ildə iştirak edib nəticəsi olan hər bir kəs elektron proqram təminatı vasitəsilə vakant yerləri seçəcək. Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”.

//Trend