Maklerlərin yeni fırıldağı: Müştəriləri belə aldadırlar - AÇIQLAMA
    • 20-11-2023, 18:17
    • 590

Maklerlərin yeni fırıldağı: Müştəriləri belə aldadırlar - AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrdə qadın rieltorları tez-tez görmək mümkündür. Onlar qəribə davranışları ilə diqqəti üzərlərinə çəkir və müxtəlif formada əmlakların təqdimatını aparırlar. 

News24.az bildirir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Yeni Sabah"a danışıb. 

O, qanuna əməl edən hər kəsin bu sahədə fəaliyyət göstərə biləcəyini bildirib: 

"Hazırda Bakı-Abşeron ərazilərində 7 mindən çox rieltor fəaliyyət göstərir. Təbii ki, istənilən şəxs bu sahədə çalışa bilər. Lap əvvəlki illərdə internet saytları, sosial platformalar mövcud olmadığı üçün alqı-satqı elanları qəzetlərdə çap olunurdu. Hazırda isə sosial şəbəkələrin sayı artdığı kimi, bu cür reklam xarakterli paylaşımlar da günü-gündən çoxalır. Bu daha çox müştəri cəlb etmək üçün atılan addımlardandır. Bəzən belə paylaşımlarda təqdim edilən evlərin real vəziyyətindən çox fərqli olduğu müşahidə olunur. Belə ki, müxtəlif video yaxud şəkil proqramları vasitəsilə ev daha geniş və təmirli görünür. Sözügedən hallar bir çox problemlərə səbəb olur. Çünki məhsulun təqdimatı aparıldığı zaman onun haqqında tam dəqiqliklə məlumat vermək mütləqdir. Bu informasiyalar onun ümumi sahəsi, yerləşməsi və ən əsası da sənədlərini özündə əks etdirməlidir". 

Ekspert bir sıra rieltorların özünü reklam etmək məsələsinə də toxunub: 

"Bəzən isə ev alqı-satqısı ilə məşğul olan şəxslər özünün reklamına daha çox üstünlük verir. Düşünürlər ki, "özüm tanınım, adım məhşurlaşsın" beləliklə isə evlərin satılmasında adlarının şəxsən tanınmasına diqqət göstərirlər. Bu sahədə həmin məsələlərlə bağlı qanunla hər hansı qadağa nəzərdə tutulmayıb. Qanuna zidd hərəkət etmirsə, etik qaydaları pozmursa, digər hallar sadəcə bu peşə sahibinin şəxsi həyatına aid məsələlər sayılır. Ancaq reklam edilən məhsula üstünlük verilərsə, bu, daha yaxşı olar. "Makler" özünü yox, satmaq istədiyi məhsulu daha aydın formada təqdim etməlidir. Rieltorun əsas vəzifə öhdəlikləri sənədlərinin düzgünlüyü, vergi ödəyicisi olması, qanuni şəkildə fəaliyyət göstərməsi və vətəndaşa dəqiq məlumat ötürməsidir. İnsanlara dəqiq və dolğun məlumat çatdırmaq üçün rieltor bu sahədə kifayət qədər məlumatlı olmalıdır. İndiyədək qeyri-peşəkar rieltorlar səbəbindən bir çox şəxsə ziyan dəyib. Bəzən heç bir araşdırma etmədən binadakı mənzillər satışa çıxarılır. Sonradan məlum olur ki, bu evlərdə ciddi problemlər mövcuddur. Bu həmin maklerin özünə də böyük problemlər yarada bilər. Bütün bunların yaşanmaması üçün yaxşı olar ki, ev alqı-satqısında fəaliyyət göstərən adamlar peşəkar olsunlar, özlərini reklam etmək əvəzinə professionallığına önəm versinlər. Çünki insanlara rieltorun xarici görünüşü maraqlı deyil. Vacib olan satışa çıxarılan əmlaklar və bu haqda bilgilərdir".