Oqtay Həziyev: “Cocuq Mərcanlının palçığını, tozunu heç nəyə dəyişmərəm!” - FOTOLAR - VİDEO
    • 4-04-2019, 16:36
    • 3 064

Oqtay Həziyev: “Cocuq Mərcanlının palçığını, tozunu heç nəyə dəyişmərəm!” - FOTOLAR - VİDEO

2016-cı ilin aprel ayı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyatın bərpası kimi tarixə düşdü. Son üç ildə Cocuq Mərcanlıda hər şey dəyişib. 

İllərdir həsrətlə sakinlərinin yolunu gözləyən, son üç ildə yenidən qurulan Cocuq Mərcanlıda bu gün həyat qaynayır. Artıq orada həyat var, həyatlar var... İndi kəndin təkcə keçmişi yox, bu günü də var.

Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində kənd 1994-cü ildə işğaldan azad olunsa da, düşmənin kəndi tez-tez atəşə tutmasına görə burada məskunlaşma mümkün olmamışdı. Nə qədər təhlükəli olsa da, yalnız Oqtay Həziyev öz ailəsi ilə birlikdə kəndi tərk etməyərək, yaşamağa davam edib. Bu gün isə onlar tək deyillər.

News24.az olaraq Cocuq Mərcanlı səfərimiz müddətində Oqtay Həziyevlə görüşdük. Oqtay müəllim bizimlə Cocuq Mərcanlını gəzdi, doğma torpaqla bizi şəxsən tanış etdi. 

Söhbət zamanı dedi ki, vaxtilə burada yaşamaq mümkün deyildi, çünki kənddən yuxarıda yerləşən Lələtəpə yüksəkliyi mənfur düşmənlərin əlində idi: "Uğurlu aprel döyüşlərində Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Ölkə başçısının sərəncamı ilə Cocuq Mərcanlının bərpasına başlanıldı. İndi görürsünüz, burda həyat necə qaynayır. Bu cür gözəl şərait qurulub. Məktəb, bağça, inzibati binalar, gözəl evlər tikilib. Dağıdılıb sıradan çıxmış yollar bərpa olunub. İlk mərhələdə yaşayış evləri, Şuşa məscidinin bənzəri olan gözəl bir məscid və məktəb binası inşa olunub. Cənab Prezident bu kəndin açılışında şəxsən iştirak eləmişdi. Ölkə başçısının diqqət və qayğısı sayəsində mənə torpaq sahəsi verildi. Biz burada düşmənlə üz-üzə yaşayan sakinlərik. Heç birimizin qorxusu yoxdur. Hamımız Azərbaycan dövlətinin, ordusunun gücünə arxalanırıq. İnsanlarımız da tam arxayındırlar ki, artıq güclü, vahid komandanlığa tabe olan ordumuz var.  Bu kənddə yaşayırıq, yaşayacağıq da...” 

“Cocuq Mərcanlı mənim and yerimdir. Dünyada torpaqdan şirin və əziz  heç nə yoxdur” – deyir Oqtay Həziyev.  Uzun illər ailəsini hər an itirmək qorxusu ilə yaşayıb Oqtay müəllim, amma heç bir qüvvə onun Cocuq-Mərcanlıya olan sevgisinin önünə keçə bilməyib:  “Bizi Vətən, Torpaq yetişdirir, ölməyə dəyər. Hamı deyir, Qarabağda gedib öləcəyəm! Ölməkdən əvvəl öldürəcəm demək lazımdır. Vətən üçün öldürmək lazımdır, ölmək yox!”
Oqtay Həziyev Bakıda heç vaxt yaşaya bilməyəcəyini deyib və belə fikri heç vaxt olmayıb: “Torpaq itkisi dəhşətlidir! Dünyanın ən gözəl yeri belə Cocuq Mərcanlını əvəz edə bilməz. Kəndimin palçığını, tozunu heç nəyə dəyişmərəm. İnsana doğulduğu yerdən müqəddəs və əziz yer yoxdur”. 

Ülkər QASIMOVA
Video: Fərid ŞABANOV