"Din xadimləri üçün də bina tikilsin...” - Elşad Miri yazıçılara İLİŞDİ...
    • 25-11-2023, 17:36
    • 394

"Din xadimləri üçün də bina tikilsin...” - Elşad Miri yazıçılara İLİŞDİ...


"Jurnalistlər üçün bina tikilib mənzillər verildi. Bəzi müğənnilərə evlər verilir. Yazıçılara evlər paylandı. Bəs niyə din xadimlərinə evlər verilmir?"

Bu sözləri tanınmış ilahiyyatçı Elşad Miri son günlər Azərbaycan Yazıçılar Birliyinin payladığı evlərlə bağlı yaranan qalmaqala münasibət bildirərkən qeyd edib.

"Niyə Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təyin etdiyi din xadimlərinə bina tikilib mənzillər verilmir?

Dini Komitənin nəzdindəki Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə maaşlar verilirsə, maşınla təmin olunursa, yay tətillərini keçirmək üçün istirahət zonalarında seminarlar keçirilirsə, bina niyə tikilməməlidir?

Komitədə işlədikləri halda kitab yazdıqlarına görə iş yerlərindən qonarar alırlarsa, evlə niyə təmin edilməməlidirlər?"

E.Mİiri ruhanilər üçün rikiləcək binalar üçün ironik məsləhətlər də verib:

"Bu evlərin üstünlükləri nə olacaq? 

1. Bina qibləyə uyğun tikilməlidir.

2. Hər namaz vaxtı hər iki məzhəbə uyğun azanlar verilməlidir. 

3. Bina qəbristanlığa yaxın yerdə inşa edilməlidir. “Müştəri” gələndə piyada düşə bilsinlər deyə.

4. Bina xüsusi olaraq gül suyu ilə yuyulmalıdır. 

5. Binanın həyətində mərasim evi olmalıdır. Binada yaşayanlar növbəli olaraq həmin məclisi aparmalıdırlar.

6. Binanın fasadı qara rənglə boyanmalıdır. Üstündə də mütləq ərəb hərfləriylə yazılar olmalıdır. 

7. Həyətdə hazır vəziyyətdə meyyid daşımaq üçün xüsusi maşınlar olmalıdır. 

8. Binanın təhlükəsizliyi üçün səslə çalışan xüsusi qurğular olmalıdır. Mərsiyəvari səslə açılmalıdır.

9. Binadakıların seçilməsi üçün sakinlər din xadimlərinə məsus olan uniformada olmalıdırlar. Uniformada kimin daha çox yas aparmasıyla əlaqəli ulduzlar müəyynləşdirilməlidir.

10. Binanın həyətində xüsusi məscid də inşa edilməlidir. Və 5 vaxt namazı hamı düşüb orda qılmalıdır.

11. Binanın nəzir qutusu formasında olması məqsədəuyğundur. Hətta qara fasadın üzərində nəzir üçün QR kod olsa, daha gözəl olar.

12. Binaya qadın və kişi üçün ayrı liftlər yerləşdirilməlidir". 

İlahiyyatçı fikirlərini belə yekunlaşdırıb: “Jurnalistlərdən və yazıçılardan fərqli olaraq ev ala bilməyən və ya otaqları az olan din xadimləri nə Allahşükür Paşazadəni, nə də Mübariz Qurbanlını tənqid etməyəcəklər. Bir-birinə də deməyəcəklər ki, filankəsin evi və ya bağı var, ona niyə yenə ev verdiniz. Çünki din xadimləri gözütox insanlardı. Onlar çox gözəl bilirlər ki, bu dünya fanidir”.


AYLİN