Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib - FOTO
    • 5-04-2019, 12:41
    • 952

Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib - FOTO

Aprelin 4-də ABŞ-ın Çikaqo şəhərinin tanınmış məkanlarından biri olan “Dreyk” otelində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı üzrə sahibkarları bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilən yeni metodlarla tanışlıqdır.

Forum Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi, Birləşmiş Ştatların Bakıdakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, “Global Chamber”, “John Deere” və “Dentons” şirkətlərinin tərəfdaşlığı və “BrandBuild” şirkətinin media tərəfdaşlığı ilə təşkil olunub.


Tədbirdə ölkəmizin kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi və aparıcı kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniştərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ-ın aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb, tədbirin təşkil edilməsində verdikləri dəstəyə görə forumun tərəfdaşlarına təşəkkürünü bildirib.

Sonra ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün gözəl imkanlar olduğunu vurğulayaraq, forumun işgüzar dairələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

İllinoys Ticarət Palatasının icraçı direktoru Laura Orteqa ştatın iqtisadi imkanlarından və kənd təsərrüfatı sahəsində müqayisəli üstünlüklərindən danışıb, azərbaycanlı sahibkarları kənd təsərrüfatı sahəsində İllinoysla sıx əməkdaşlığa dəvət edib.

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışaraq, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında böyük rola malik olduğunu qeyd edib. Nazir aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafına dair dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açan İnam Kərimov kənd təsərrüfatının bütün sahələrinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üzrə Strateji Yol Xəritəsinin qəbul olunduğunu bildirən nazir aqrar sahənin inkişafının qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O, ABŞ tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirərək, forumun iştirak edən şirkətlər üçün əlavə imkanlar yaradacağını deyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin administratorunun müavini Brok Bierman USAID-in Azərbaycandakı fəaliyyətindən danışaraq, Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsindən söz açıb. USAID-in kənd təsərrüfatı sahəsində yeni tərəfdaşlıqlar üçün Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin bir sıra kənd təsərrüfatı məhsulları istehsalı üzrə dünyada aparıcı rola malik olduğunu bildirərək, aqrar sahədə xarici sərmayələr üçün yaradılmış əlverişli şərtlərdən bəhs edib və ABŞ şirkətlərini ölkəmizin bu sektoruna sərmayə yatırmağa dəvət edib. O, Azərbaycanın həyata keçirdiyi davamlı iqtisadi islahatlar prosesinin dünyanın mötəbər hesabatları, o cümlədən Dünya Bankının “Doing Business Report”, habelə İqtisadi Azadlıq İndeksinin son illik reytinqlərində öz əksini tapdığını vurğulayıb.

Forum çərçivəsində ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri, mövcud çətinliklər müzakirə edilib. Beynəlxalq ticarət mütəxəssisi və Vaşinqtonda fəaliyyət göstərən “WCC International” şirkətinin rəhbəri Elşən Baloğlanovun moderatorluğu ilə keçən paneldə çıxış edən Dünya Bankının kənd təsərrüfatı üzrə baş iqtisadçısı Bexzod Şəmsiyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, ABŞ-ın “EXİM” Bankının icraçı direktorunun müavini Yan Blaho, USAID-in Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssisi Corc Melton potensial imkanlar barədə danışıblar.

Növbəti sessiyalar çərçivəsində kənd təsərrüfatı sahəsində təhsil və bacarıqların artırılması, texniki peşə təhsilinin əhəmiyyəti, habelə aqrobiznes sahəsində innovativ texnologiyaların və metodların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri, yeni suvarma üsulları və bu sahədə mövcud texnologiyalar barədə geniş müzakirələr aparılıb. ABŞ aparıcı kənd təsərrüfatı şirkətləri – “John Deer”, “Lindsay Corporation” və digərləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.

Forum çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov USAID-in administratorunun müavini Brok Bierman və kənd təsərrüfatı inkişafı sahəsində ixtisaslaşmış CNFA təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkəmizin kənd təsərrüfatı sahəsində prioritetləri, mövcud durum və qarşıda duran strateji hədəflər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.