-
- 28-11-2023, 13:38
- 1 817
TƏCİLİ!!! Xəzərin suyu çəkilir - Hansı fəlakətlərə HAZIR OLAQ? - VİDEO
Son illərdə Xəzər dənizinin suyunun kəskin şəkildə azalması müşahidə edilir. Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və hazırda kritik həddə çatıb. Dayazlıq xüsusilə sahilyanı ərazilərdə kəskin şəkildə müşahidə olunur. Xəzər dənizində suyun üzünə çıxan kiçik adalar da bunun əyani sübutudur. Bəs, Xəzər dənizinin suyunun çəkilməsi hansı ekoloji fəlakətlərə səbəb olacaq?
Mövzu ilə bağlı News24.az-a danışan ekoloq Ənvər Əliyev bildirdi ki, dənizin quruması təbii prosesdir və bu, əvvəllər də dəfələrlə baş verib. Hazırda Xəzər dənizində kütləvi enmələr başlayıb:
"Xəzərin səviyyəsinin artıb-azalması təbiətin uzun illər boyu yaratdığı qanunauyğunluqdur. Hazırda da Xəzər dənizində kütləvi enmələr başlayıb. Xəzərdə suyun çəkilməsinin növbəti mərhələsi artıq başlayıb".
Ənvər Əliyev əlavə etdi ki, Xəzər dənizində suyun çəkilməsi bir sıra fəlakətlərə də gətirib çıxara bilər:
"Xəzərin sudan azad olan ərazilərində balıqların qidasını təşkil edən zooplaktonlar yaşayır. Su çəkildikcə orada yaşayan plaktonlar azalır. Bu da balıqların qida ehtiyatının azalmasına gətirib çıxarır. Eyni zamanda Xəzərin sahilində yerləşən liman şəhərlərində gəmilərin yan almasında problem yarana bilər. Dənizin sahilində yaşayan quşların da yem problemi yaranır. Hazırda enmə prosesi davam etsə də, bu, ciddi problemlər yaratmayacaq. Yuxarıda sadaladığım proseslərin heç biri hazırda müşahidə edilmir. Ümumiyyətlə, Xəzər dənizinin suyunun tamamilə çəkilməsi heç vaxt olmayıb. Düşünürəm ki, təlaşlanmağın vaxtı deyil".
Ekspert onu da vurğuladı ki, suyun qalxması da bir sıra fəlakətlərə səbəb ola bilər:
"Xəzərin suyunun qalxması vaxtilə Bakı-Lənkəran dəmir yolunu dağıdıb. Dalğalar həddindən artıq qalxdıqda dayaz yerləri də su tutur. Həmin ərazidə istilik çox olduğuna görə buxarlanma artır. Bu da problemlər yaradır. Ancaq enmiş sahələrdən də yararlanmaq olur. Məsələn, heyvandarlıq, bitkiçilik, əkinçilik, ot ehtiyatı üçün istifadə edilir. Xəzərin çəkilməsi ölkəmiz üçün ciddi problem yaratmasa da, qonşu ölkələrin sahil zolağında problemlər yarada bilər. Qonşu ölkələr gəmi yanalmalarında, balıqların qida ehtiyatında problemlər yaşaya bilər. Hətta şimalda Volqa çayının deltasında adalar da əmələ gəlir. Bütün bunların hamısı gözləniləndir. Bu, Xəzərin təbii mühitinə xas xüsusiyyətdir".
Qeyd edək ki, dünya alimlərinin araşdırmasına görə, Xəzər dənizində ilk dayazlaşma halları 1930-1941-ci illərdə müşahidə edilib. Bu dövrdə dəniz səviyyəsi -26,07 m BS-dən -27,85 m BS-ə düşüb. Sonrakı illərdə dayazlaşma daha yavaş baş verib və 1960-cı illərdə -28,4 civarında müəyyən stabilləşmə müşahidə edilib. 1970-ci illərin birinci yarısında bu səviyyə son 150 ildə həddindən artıq aşağı səviyyəyə - 1977-ci ildə -29-a düşüb. Bu dövr sahil xətlərinin yenidən formalaşmasına və sahilyanı ərazilərin səhralaşmasına səbəb olub.
1978-ci ildən Xəzər dənizinin səviyyəsi kəskin yüksəlməyə başlayıb və 1995-ci ilə qədər 2,5 metr artaraq -26,62 metr BS səviyyəsinə çatıb. Bu dövrdə səviyyə qalxmasının orta intensivliyi ildə təqribən 14 sm, bəzi illərdə isə 36 sm-ə qədər olub. 1995-ci ildə dəniz səviyyəsinin qalxması ləngiyib və 2006-cı ildən isə azalmağa meylli olub.
Mütəxəssislərin fikrincə, bu gün Xəzər dənizinin dayazlaşmasının əsas səbəbi iqlim dəyişikliyidir. Bu, buxarlanmanın artmasına və yağıntılar vasitəsilə suyun təbii yolla geri qayıtmamasına təsir göstərir.
Bəs Xəzərin suyunun çəkilməsi gəmilər üçün hansı problemlər yaradır?
Dövlət Dəniz və Liman Agentliyindən bildirildi ki, agentlik də öz növbəsində mütəmadi olaraq Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarına əsasən liman akvatoriyasında dərinliklərin tələb edilən səviyyədə saxlanılmasına nəzarət edir. Limanlarda ehtiyac yarandığı təqdirdə akvatoriyada dib dərinləşdirmə işlərini həyata keçirir.
Qumral Əliyeva