“Sual verəndə, qulaq asın..." - Firuzə İbadova
    • 29-11-2023, 12:26
    • 288

“Sual verəndə, qulaq asın..." - Firuzə İbadova

“Evinə gələn qonaqla necə davranırsansa, efirdə də qonağa elə hörmət bəsləməlisən”.

Bu fikirləri müğənni Mətanət Əsədovanın aparıcılara xitabən “Sual verəndə, qulaq asın, cavabını gözləyin. Sualı da özü verir, cavabı da, imkan vermirlər adama” iradına münasibət bildirən Əməkdar artist Firuzə İbadova Yenicag.az-a açıqlamasında deyib.

O, həmkarının fikirlərini dəstəkləyib:

“Mətanətin sənətini və özünü çox sevirəm, həmişə də sözün düzünü deyir. Onunla razıyam, bəli, aparıcılar sual verib, qarşı tərəfin cavabını gözləməlidirlər. Yox, əgər o özü sual verib, özü də istədiyi kimi cavablandıracaqsa, qonağa niyə xitab edir? Onda elə özü danışsın, müğənni də gəlib mahnısını oxusun, çıxsın getsin.

Amma yaxşı olar ki, aparıcı sona qədər səbrlə davransın, qonağa hörmətlə yanaşsın. Evinə gələn qonaqla necə davranırsansa, efirdə də qonağa elə hörmət bəsləməlisən. Bu, bir etik davranış qaydasıdır”.

Müğənni efirdə az görünməsinin səbəblərinə də toxunub:

“Mən qalmaqal, dedi-qodu adamı deyiləm. Sənətə də qalmaqalla gəlməmişəm. Sənətimə böyük hörmət edirəm. Böyük sənətkarların qarşısında “mən sənətkaram” demək də ayıbdır.

Heç vaxt böyük sənətkarların qarşısında özümə sənətkaram demədim və deməyəcəm də. Neçə yaşım olmasından asılı olmayaraq, ömrümün sonuna qədər bu, belə də olacaq”.