Azərbaycan və Almaniya parlamentləri arasında münasibətlərin inkişafı müzakirə olundu
    • 30-11-2023, 21:35
    • 207

Azərbaycan və Almaniya parlamentləri arasında münasibətlərin inkişafı müzakirə olundu

Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildirilib ki, söhbət zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb. Azərbaycan parlamenti sədrinin Almaniyaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Görüşdə Milli Məclisin sədri regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında da məlumat verib.