Tatu ustası: “Əməliyyat zamanı dəriyə bir dəqiqədə 180 iynə girir”
    • 28-07-2018, 20:00
    • 1 294

Tatu ustası: “Əməliyyat zamanı dəriyə bir dəqiqədə 180 iynə girir”

Qədim dövrdən bu günə qədər insanlarda tatuya maraq olub. Tatu insan bədəninə ötürülən müxtəlif şəkil formasını əks etdirən prosesdir. Əməliyyat zamanı insan dərisinin alt qatına rəngləndirici piqment yeridilir. Əsl tatunu bədəndən silmək kifayət qədər ağrılı prosesdir. İnsanı tatu vurdurmağa nə vadar edir? Bu ya dəbə görə, ya da özünü ifadə vasitəsi kimi qəbul edilir.
Jurnalist Ülkər Natiqqızı “Report”a açıqlamasında deyib ki, uzun müddətdir Instagram-da tatu səhifələrin izləyib, xoşuna gəlib: "Sonra tatu etdirmək qərarına gəldim”. O, tatuya uşaqlıqdan marağının olduğunu bildirib: “Hətta onu etdirdiyim tarix belə yadımdadır, 2017-ci ilin dekabrı. Vaxt keçdikcə tatuya olan marağım daha da artırdı, 10-15 tatu seçmişdim, sonra seçimimi etdim. Kimsə üçün tatu böyük bir məna kəsb edir, mənim tatum elə də simvolik deyil. Sadəcə olaraq oxatan bürcündənəm, bürcümün oxunu vurdurdum. Tatunu Gürcüstanda etdirdim. Bunun xüsusi bir səbəbi yoxdur, çünki hazırda burada yaşayıram. Yoldan keçirdim, tatu ustasını gördüm. Təmizliyinə əmin olduqdan sonra etdirsəm də, ətrafdakıların pis qəbul edəcəyini düşündüm. Sonra fikrimi dəyişdim ki, bu mənim həyatımdır. Tatum oldu-olmadı, heç kimə aidiyyəti yoxdur. Tatu da artıq hər kəs etdirir, normal bir şeydir”.



Tatu vurma ənənəsinin qədim kökləri var. Qədim Misirdə döymənin edildiyi mumiyalar aşkarlanıb. Misirdən kənarda, britonların, qaliyalıların da döymələri var idi. Qədim yunan və romalılarda isə tatu etmək “barbarlara xas bir məşğuliyyət” sayılırdı deyə, bunu günahkar və kölələrə tətbiq edərdilər. Tatu sənəti XX əsrin əvvəlində dənizçilər arasında daha çox məşhur idi, çünki tatunun romantik duyğu və sevgini özündə birləşdiyini düşünürdülər.
Tatu ustası Elxan Abid (ad şərtidir) tatunu18 yaşdan yuxarı hər kəsin etdirə biləcəyini vurğulayıb: "Son zamanlar tatu etdirən xanımların sayı artmaqdadır. Həmçinin bizə xanım müraciət edərkən, artıq nə kimi tatunu bədəninin hansı hissəsinə vurduracağını da öncədən bilir, bu da işimizi asanlaşdırır. Sadəcə xanımların əsas problemi valideyndən icazə məsələsidir. Bəylər isə adətən başqalarında gördükləri tatunu vurdurmaq istəyirlər. Bir çoxu gəlir, heç yerdə, heç kimdə olmayan tatu sifariş edir və öz fikirlərini izah etməyə çalışırlar. Biz də həmin fikir əsasında nəyisə yaratmağa çalışırıq. Təbii hələ də öz doğma-yaxınlarının şəkillərini tatu etdirmək istəyənlər var. Belə insanların fikirləri dəyişdirmək, doğru qərar vermələrinə kömək etmək lazımdır ki, sonradan peşman olub bədənlərindəki tatudan bezməsinlər."
Tatu ustası əməliyyat zamanı dəriyə bir dəqiqə ərzində 180 iynənin girdiyini bildirib: “Yəni, müəyyən qədər ağrı hiss olunur, xüsusilə, bədənin elə nöqtələri var ki, ağrı daha şiddətli ola bilir. Məsələn, dirsək, qulaq dibi, diz qapağı və sair. Amma hər insanın ağrını qəbul etmə qabiliyyəti fərqlidir. Sevdiyin bir şeyi bədəninə həkk etdirərkən onun ağrısı barədə düşünməməlisən. İşin psixoloji tərəfi çox önəmlidir. Bundan əlavə, aptekdə xüsusi keyidici də satılır. Vurulacaq tatunun həcmi zövq məsələsidir. Hazır eskizlərlə gələn müştəri rəsmin ölçüsünü də öncədən müəyyən etmiş olur. Hazırlıqsız gələn şəxsə isə ölçünü təyin etməkdə kömək edirik. İzah edirik ki, bu hissəyə bu həcmdə vursaq, daha estetik görünər. Razılaşan da olur, razılaşmayan da. Biz sadəcə məsləhət veririk. Azərbaycanda xanımlar adətən kiçik həcmli tatuya üstünlük verir və tatunu bədənin görünməyən hissəsinə vurdururlar. Bəylər isə əksinə, tatunun "üzdə" olmasını və hər kəsin asanlıqla görünməsini arzu edirlər".
Tatu insan orqanizmində bəzən ciddi xəstəlik yarada bilir. Əgər tatu iynəsi düzgün texnologiya ilə sterilizə olunmazsa, QİÇS, Hepatit B, C, D virusları, allergik xəstəliklər, xərçəngə yol aça bilər. Tatu dindarlar arasında birmənalı qəbul edilmir, çünki dini təsəvvürə görə, insanın özünə və kiməsə zərər yetirməsi günah sayılır. Tatu da özünə zərər vermək kimi anlaşıldığından islamda haram kimi qəbul edilir.

//Report