-
- 2-12-2023, 18:33
- 212
Azərbaycan-Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası olub
Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Tixomir Stoyçev rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb və bu xüsusda, növbəti il ərzində gözlənilən səfərlərin əməkdaşlığın hazırkı dinamikasına əlavə töhfə verəcəyi bildirilib.
İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhdidləri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma, bərpa və şəhərsalma işləri, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası barədə məlumat verilib.
İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bolqarıstan Respublikasına səfəri zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, habelə Bolqarıstan Respublikası Baş nazirinin müavini və xarici işlər naziri xanım Maria Qabriel, Bolqarıstan Respublikası Xalq Məclisinin Xarici siyasət komitəsinin sədri Boyko Borissov və Bolqarıstan Respublikası Baş nazirinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri cənab Draqomir Zakov ilə görüşlər keçirib.