Peşələr Festivalı başladı
    • 4-12-2023, 13:37
    • 145

Peşələr Festivalı başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalı başlayıb. 

R TV xəbər verir ki, Bakı şəhərində Festivalın yekun tədbiri keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkilləri, Universitet rektorları və digər qonaqlar iştirak edib.

S.Babayev yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində Festivalın rolunu yüksək qiymətləndirib. O, “Peşəni peşəkardan soruş” devizi ilə bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən bu Festivalda iştirakçıların peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazandıqlarını qeyd edib. 

Nazir Festivala qatılan yeniyetmə və gənclərin  gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazandıqlarını vurğulayıb.

F.Qayıbov gənclərin əmək bazarına çıxışının dəstəklənməsində  bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.  

Qeyd edək ki, Festival boyunca robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib. 

Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib.

Festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, Cəlilabad, Sabirabad və Bakını əhatə edib. 

İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festival konsert prqramı ilə başa çatıb.

Aslan Nadiroğlu