35 il sonra İrəvana qayıdan hərbi ekspert: - "İlk azərbaycanlıyam ki..."
Siyasət
“Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam. Çox həyəcanlı idim”.
Tanınmış hərbi-siyasi ekspert Telman Qasımov İrəvana səfər edib.
35 il sonra doğulduğu evinə gedən T.Qasımov səfərlə bağlı News24.az-a danışıb.

"Doğma şəhərimə səfər etdim, məhləmizə getdim. 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam. Çox həyəcanlı idim.17 yaşıma qədər Komitas küçəsi 5A-da yerləşən evimizdə yaşamışam. Evimizə getdim. Sonuncu mərtəbəyə qədər qalxdım. Çəkilişlər etmişəm. Uşaqlığım İrəvanda keçib. İrəvan mənim ata yurdumdur. Evimə getməyə şansım az idi. Çox xahiş etdikdən sonra icazə verdilər. Səhər saatlarında gediş-gəliş az olduğu üçün o saatları seçdik. Özüm də başqa formada idim. Qapımıza qədər getdim, amma qapını döyə bilmədim. Dəyişən bir dənə evimizin qapısı idi”.
Ekspert bildirib ki, hazırda onun evində Bakı erməniləri yaşayır.
“Qonşularla mehriban olmuşuq. Təəssüf ki, xüsusilə Sumqayıt hadisələrindən sonra ermənilər azğınlaşdılar. Məni kimsə görsə idi, tanımazdı. Lakin özümdən asılı olmayaraq tanış simanı görə bilərdim. Küçədə hərəkətlilik artanda ərazini tərk etdik. Küçələr sanki bizim üçün darıxmışdı... Şükürlər olsun ki, 52 yaşımda İrəvanı görmək mənə qismət oldu".
T.Qasımov İrəvanda nəzərəçarpan dəyişikliliyin olmadığını vurğuladı
"Hər yerdə köşklər, dükanlar var. Amma çox darıxdırıcı idi. Yeni infrastruktur nəzərə çarpmır. Təpəbaşı məhəlləsini kənardan izlədim. Məhəlləyə girə bilmədim. Çünki missiya başqa idi. Kənardan izlədiyim qədər müasir binalarla mühasirəyə alınıb. İnsanların dövlətdən narazılıqları üzlərindən oxunurdu”.
Ayşən