"Balaəli bunu pul xatirinə edir" - Meyxanaçı Vüqar
    • 7-12-2023, 21:39
    • 262

"Balaəli bunu pul xatirinə edir" - Meyxanaçı Vüqar

Bir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər” verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb” sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib.

News24.az xəbər verir ki, Lökbatanlının bu ifadələri ilə bağlı AZXEBER.COM-a açıqlama verən Vüqar Əbdülov həmkarına haqq qazandırıb.

"Bu fikirnən mən də razıyam. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azaddır. Vaxtılə Orxanın meyxana dediyi, sağında solunda olan insanlarla deyişmələri yaxşı alınıb. İki, üç nəfərin deyişməsi bir-birinə uyğun gəlməlidir. İndi Orxan tək qalıb. Pərviz meyxanadan aralanıb, Vüqar rəhmətə gedib, Rəşad Dağlı da bilirsiniz həbsdədir. Ola bilər ki, bu gün Orxan ona görə özünü tək hiss edir, qəribsəyib. O hisslər artıq məndə də var, mən Orxanı başa düşürəm. Rəhmətlik məştağalı Elçin də deyirdi "Bu sənətdə özümdən biri də olsa idi, mən nələr edərdim” ”.

Vüqar meyxanaçı Balaəli ilə bağlı daha öncə səsləndirdiyi fikirlərə də açıqlama gətirib:

"Mən həmişə deyirəm ki, meyxanaçıların imkanları çox böyükdür. Bəzən bəziləri onlardan istifadə etmək əvəzinə, meyxanadan uzaq olan, ucuz şeylərə qaçırlar. Mən tək Balaəlini yox, çox adamı demişdim. Bu baxımdan dedim ki, yəni Balaəlinin hal-hazırda oxuduğu mahnılar meyxana deyil. Pul xatirinə olan şeylərdir. Amma belə o uşaqların hamısı istedadlıdır”.

Meyxanaçı, bədahətən söz demək əvəzinə mahnı yazdırıb, toylara gedən meyxanaçıların bu addımını isə maddi gəlirlə əlaqələndirib:

"Meyxana adətən toyun axırında olur. Amma mahnı oxuyanda eyni gündə 2, 3 yerə gedərək az zaman ərzində daha çox gəlir əldə edirlər. Meyxanada isə gündə bir məclisdə ola bilərsən. Biz 2 saat meyxana deyib pul alırıqsa, onlar gün ərzində bir neçə yarımsaatlıq toya gedərək, o pulun qat-qat artığını qazana bilirlər. Düşünürəm ki, buna görədir. Və məntiqlə baxanda, bu daha məhsuldardır”.