-
- 11-12-2023, 13:26
- 353
Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir
"İşsizlikdən sığorta haqqında" qanuna edilən dəyişikliklər pozitiv xarakterli dəyişikliklərdir və işsiz qalan şəxslərin sığorta ödənişləri almasını həm asanlaşdıracaq, həm də onların dairəsini genişləndirəcək.
News24.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, mövcud qanunvericiliyə görə, yalnız üç halda işsizlikdən sığorta ödənişi edilirdi.
"Müəssisələr ləğv olunduqda, müəssisədəki ştatlar ləğv olunduqda və əmək müqaviləsinin vaxtı bitdikdə işsizlikdən sığorta ödənişi edilirdi. Bu ödəniş o halda verilirdi ki, işçinin sığorta stajı ən azı 30 ay olsun. Dəyişikliyə əsasən isə, bu 30 ay 24 aya endirilir və yarım il güzəşt imkanı yaranır.
Digər bir üstünlük ondan ibarətdir ki, bu üç hal altı hala qədər artırılır. Belə ki, müəssisənin mülkiyyətçisi dəyişən zaman işçi işdən çıxırsa və yaxud müəssisənin ştatlarını ləğv edirsə, bu halda Əmək Məcəlləsinə əsasən, işçiyə işsizlikdən sığorta müavinəti veriləcək. Digər halda isə əvəllər müvafiq işdə çalışmış, sonra işdən çıxmış, amma məhkəmənin qərarı ilə yenidən işinə bərpa olunan işçi də işsizlikdən sığorta müavinətindən istifadə edə biləcək.
Üçüncü hal isə ondan ibarətdir ki, əgər şəxs hərbi xidmətdə olubsa və qayıdıb yenidən öz işinə bərpa olunursa, bu halda da onun yerində çalışan işçi özündən asılı olmayaraq işini itirir. Bu halda həmin şəxs də işsizlikdən sığorta haqqı ala biləcək", - deyə M.Quliyev əlavə edib.
Qeyd edək ki, qanuna dəyişiklik Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.