Stomatoloji klinikalarla bağlı vacib AÇIQLAMA
    • 19-12-2023, 20:00
    • 241

Stomatoloji klinikalarla bağlı vacib AÇIQLAMA

“Stomatoloji iş üzrə tibbi xidmət Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlər və işlər” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar”.

News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Musavat.com-un sorğusuna cavabında bildirilir.

Qeyd edilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya verən orqan İqtisadiyyat Nazirliyidir. Müvafiq xidmət üzrə özəl tibb fəaliyyəti üçün İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyanın verilməsi zamanı Səhiyyə Nazirliyindən yalnız rəyi alınır.

Məlumatda qeyd edilir ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq müvafiq qaydada lisenziya almaqla özəl tibbi praktika fəaliyyəti həyata keçirilə bilər. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. Belə müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar aparılır. Bundan əlavə, əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülür, təkrar aşkar edildikdə daha ciddi tədbirlər həyata keçirilir. Özəl tibb fəaliyyəti üzrə lisenziyanın alınması üçün olunmuş müraciətlər haqqında və verilmiş lisenziyalar barədə məlumat İqtisadiyyat Nazirliyindən əldə edilir.

Lisenziya almış özəl tibb fəaliyyəti subyektlərinin göstərdikləri tibbi xidmətlərin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq, planlı və plandankənar yoxlamalar təşkil edilir. Planlı yoxlamaların 1 il öncədən tərtib edilmiş siyahısı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilir və reyestrdə həmin yoxlamalar təsdiq edildikdən sonra icra edilir. Plandankənar yoxlamalar isə vətəndaşların şikayətləri, aidiyyəti dövlət qurumlarının müraciətləri, kütləvi informasiya vasitələrindəki qanunazidd reklam məlumatları əsasında yoxlamaların vahid məlumat reyestrinə daxil edildikdən sonra aparılır.

Məlumatda o da qeyd edilir ki, özəl tibb fəaliyyəti subyektlərinə münasibətdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati xətalar məcəlləsinin hansı maddələri üzrə protokol tərtib edilə bilər. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, son vaxtlar stomatoloji klinikalarla bağlı narazılıqlar artıb. Qeyd edilir ki, stomatoloji klinika açmaq asan başa gəlir, amma buna nəzarət ciddi deyil. Bu cür iddialar da stomatoloji klinikaların lisenziya məsələsini gündəmə gətirib.