Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir - FOTO
    • 10-04-2019, 10:57
    • 890

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Səfərin məqsədi BMT-nin Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsinin (CEPA) Nyu-York şəhərində keçirilən 18-ci sessiyasında iştirakdır.

News24.az xəbər verir ki, aprelin 9-da BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cı məqsədə üzv dövlətlərdə nail olunmasının uğurlu təcrübələrinə həsr olunmuş iclas keçirilib.

 İclasda Azərbaycan, Xorvatiya, Çili, İndoneziya, İslandiya, Uruquvay, Qvatemala və digər dövlətlərin müvafiq sahədə həyata keçirdiyi tədbirlərə dair çıxışlar dinlənilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından,  mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi, həmin dövlətlərin nümayəndələri üçün təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb.

İclas CEPA ekspertlərinin sualları və şərhləri əsasında interaktiv dialoq formasında davam etdirilib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT baş katibinin müavini Lui Zenmin arasında keçirilən görüşdə “ASAN xidmət”in keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, bu təcrübənin maraqlı ölkələrdə tətbiqi üzrə uğurlu beynəlxalq əməkdaşlıq barədə məlumat verilib. Cari ilin iyun ayında Bakıda keçiriləcək BMT Dövlət Xidmətləri Forumuna hazırlıq məsələləri müzakirə olunub, öz növbəsində BMT baş katibinin müavini müvafiq tədbirdə iştirak edəcəyini qeyd edib.

BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner ilə təşkil olunan görüşdə ikitərəfli əməkdaşlığın davam etdirilməsindən, gələcək əməkdaşlıq perspektivlərindən, UNDP-nin “ASAN xidmət”in beynəlxalq fəaliyyətinə dəstəyindən danışılmışdır. Habelə konkret təkliflər əsasında müzakirələrin davam etdirilməsi və yekunlar üzrə addımların atılması barədə razılıq əldə olunub.

Səfər zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin Dövlət təsisatları və rəqəmsal hökumət sektorunun rəhbəri Juvanq Zu ilə baş tutmuş görüşdə BMT Dövlət Xidmətləri Forumunun keçirilməsi ilə bağlı hazırlıqlar, təşkilati məsələlər, o cümlədən substantiv məqamlar müzakirələr edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.