Mayın 25-də keçiriləcək Əmək Yarmarkalarından gözləntilər
    • 11-04-2019, 10:50
    • 1 100

Mayın 25-də keçiriləcək Əmək Yarmarkalarından gözləntilər

May ayının 25-də respublikanın 56 şəhər və rayonunda əmək yarmarkaları təşkil ediləcək. 

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirirb. Onun sözlərinə görə, ölkəmizdə qeyri-məşğul əhalinin sosial müdafiəsinin təmin edilməsi, xüsusilə onların məşğulluğunun gücləndirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bir sıra aktiv tədbirlər həyata keçirilir: 
“Bu mühüm aktiv məşğulluq tədbirlərindən biri də respublikamızın bütün şəhər və rayonlarında hər il keçirilən «Əmək Yarmarkaları»dır. Dövlət Məşğulluq Xidməti tərəfindən may ayında 2019-cu il üzrə əmək yarmarkalarına başlanılacaq. Yarmarkaların cari il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur. Tədbirlərdə işsiz və işaxtaran vətəndaşlara idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaq. İlk yarmarkaların Naftalan şəhərində, Qəbələ və İsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır”.

Ə.Nəcməddinqızı yarmarkada iştirak edəcək qurumların da adını açıqlayıb: “Tədbirdə əsasən Səhiyyə, Təhsil, Mədəniyyət Nazirliyinin tabeçiliyinə olan müəssisələr, bununla yanaşı, Şəki İpək Kombinatı, Marxal İstirahət mərkəzi, Dövlət Sığorta Agentliyi, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Suvarma Sistemləri idarəsi, Yerli Bələdiyyə idarələri, Meşə Mühafizəsi və Bərpası müəssisələri, “Kərpic” zavodları, Su istehsalı sexləri, eləcə də rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzləri, iaşə obyektləri, ticarət və xidmət sahələrini təmsil edən müəssisələr təşkilatların iştirak edəcəyi nəzərdə tutulub. Əmək Yarmarkalarında işaxtaran və işsiz şəxslə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə, eləcə də özünüməşğulluq proqramına cəlb olunmaları üçün xidmət və məsləhət masaları fəalyyət göstərəcək ki, həmin masalara müraciət etməklə   işaxtaran və işsiz şəxslər aktiv məşğulluq proqramlarından faydalanmaq imkanı əldə edəcəklər. Onu da qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Əmək Yarmarkaları tərtib olunan plana uyğun olaraq hər il keçirilir. Təkcə 2018-ci ildə Respublikanın 58 şəhər və rayonunda Əmək  Yarmarkaları keçirilib. Yarmarkada 4256 nəfərə işlə bağlı göndəriş verilib, 221 nəfər peşə hazırlığı kursuna cəlb olunub, 150-ə yaxın vətəndaş isə ictimai işlərə cəlb olunub”.

Afaq MİRAYİQ