Fazil Mustafaya sui-qəsddə təqsirləndirilənlə bağlı SON MƏLUMAT
    • 30-12-2023, 15:28
    • 338

Fazil Mustafaya sui-qəsddə təqsirləndirilənlə bağlı SON MƏLUMAT

Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib.

News24.az xəbər verir ki, cinayət işinə gələn il yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, bu il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinov saxlanılıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.