Xırdalandakı Doğum Evində körpə ölümü - “Körpənin bədəni bütünlüklə dırnaq izidir
    • 11-04-2019, 19:22
    • 2 937

Xırdalandakı Doğum Evində körpə ölümü - “Körpənin bədəni bütünlüklə dırnaq izidir" - ŞİKAYƏT

Ana körpəsinin ölümündən xəbərsizdir 

Bu gün Xırdalan şəhər Doğum Evində körpə ölümü baş verib. Bu barədə News24.az-a uşağını itirən Dürdanə Çələbiyevanın bacısı qızı Gülər Uslu məlumat verib. O bildirib ki, doğuşu həyata keçirən xəstəxananın həkimi Kəmalə xanım körpənin üç gün bundan əvvəl ana bətnində vəfat etdiyini iddia edir: “Xalamın bir uşağı var və o keysəriyyə üsulu ilə anadan olub. Bu ikinci uşağı idi və 38 həftədə keysəriyyə üsulu ilə əməliyyat olunmalıydı. Həm də xalamın 45 yaşı var. Çünki təbii doğuşa icazə verilmirdi. Körpə 4 kiloya yaxınıydı. Amma bu gün doğuşdan sonra bizə körpənin öldüyü bildirildi”. 

G.Uslu deyib ki, əməliyyatı həyata keçirən Kəmalə həkim körpənin doğulduğu an artıq dərisinin soyulduğunu da iddia edib: “Amma uşaq çox normal idi. Dərisini də doğulandan sonra soyublar. Hətta körpənin bədəni bütünlüklə dırnaq izidir. Görünür əməliyyatdan sonra körpəni çıxararkən dırnaqları ilə əziblər. Bu dəhşətdir...” 

Şikayətçi onu da bildirib ki, əməliyyatdan sonra Xırdalan rayon polis Bölməsi tərəfindən körpənin meyiti ekspertizaya aparılıb: “Kəmalə adlanan həkimi bu hadisədən sonra bölməyə apardılar. Xalam hələ də körpəsinin öldüyünü bilmir. Ona bunu necə deyəcəyimizi də bilmirik. Amma buna bais olanların çox ağır şəkildə cəzalandırılmasını xahiş edirik. Körpə ölümü dəhşətlidir”. 

Məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova News24.az-a artıq iş vaxtının bitdiyini və bu məsələnin sabah araşdırılacağını deyib.