Alimlərdən 2024-cü illə bağlı XƏBƏRDARLIQ -  Kütləvi şəkildə...
    • 9-01-2024, 21:29
    • 271

Alimlərdən 2024-cü illə bağlı XƏBƏRDARLIQ - Kütləvi şəkildə...

Alimlər iddia ediblər ki, müşahidələr 2024-cü ilin Yer kürəsinin ən isti ili olacağını göstərir.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, onlar bunu Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ilə bağlı olan "El Nino" fenomeni ilə izah edirlər.

Mütəxəssislər hesab edirlər ki, planetdə temperaturun artması ilə bağlı vəziyyət insan fəaliyyəti ilə daha da gərginləşəcək.

"El Nino" fenomeni 2023-cü ildə hava temperaturuna da təsir edib...

Alimlər bildirirlər ki, 2023-cü ildə planetdə orta temperatur əvvəlki dövrlə müqayisədə təxminən 1,4 dərəcə yüksək olub və ilkin hesablamalara görə 2024-cü ildə bu göstərici 1,3-1,6 dərəcə yüksələcək.

Milli Okean və Atmosfer Administrasiyasının baş alimi Maykl MakFadden bildirib ki, Sakit Okeanda suyun istiləşməsi ilə planetin səth temperaturunun artması arasında müəyyən gecikmə var, buna görə də "El Nino" təsiri altında olan ikinci il adətən birinci ildən daha isti olur.

 "[C]Worthy" qeyri-kommersiya təşkilatından olan iqlimşünas alim Ulla Hide isə prosesi belə izah edib: "Sobanın üzərində su ilə dolu bir qazan düşünün. Əgər ona soyuq su töksəniz, temperaturda kiçik bir dəyişiklik hiss edəcəksiniz. "El Nino" zamanı soyuq su dənizin dərinliklərindən səthə çıxanda belə olur. Soyuq su tökməyi dayandırsanız, qazandakı su daha tez qızar, buna "El Nino" deyirlər".

U. Hide əlavə edib ki, bu fenomen nə qədər uzun sürərsə, Sakit Okean və onun üzərindəki hava bir o qədər istiləşəcək.

Alimlər quraqlıq, daşqınlar və mərcanların ağarması barədə xəbərdarlıq edirlər...

"Bloomberg" nəşrinə müsahibə verən elm adamları 2023-cü ildə qeydə alınan anomaliyaların 2024-cü ildə temperaturların araşdırılmasının vacibliyini göstərdiyini bildiriblər. Ulla Hayd hesab edir ki, Sakit Okeanın ən isti hissəsi şərqə doğru yerini dəyişdikcə əvvəllər yağıntının çox olduğu yerlərdə quraqlıq baş verəcək və əksinə.

BMT artıq bu il Şərqi Asiya, Cənubi Afrika və Mərkəzi Amerikada yaşanan quraqlıqla əlaqədar ərzaq təhlükəsizliyi məsələsindən narahatdır. Bundan əlavə, "El Nino" fenomeni Amazona quru hava gətirir. Bu hadisə Braziliyanın cənub-şərqinə və qonşu Uruqvaya daha çox yağış gətirə bilər.

Maykl MakFadden bildirib ki, ABŞ-nin cənub ştatlarında bu il normadan daha rütubətli və soyuq hava müşahidə olunacaq. Mütəxəssislər həmçinin hesab edirlər ki, "El Nino" səbəbilə meşə yanğınlarının sayı arta bilər. Alyaskanın xüsusilə risk altında olduğu, Avropanı şiddətli tufanların gözlədiyi qeyd edilir.

Alimlər xəbərdarlıq edirlər ki, okeanların istiləşməsi mərcanların kütləvi şəkildə ağarmasına səbəb ola bilər. Böyük Britaniya Meteorologiya İdarəsinin uzunmüddətli proqnozlar üzrə rəhbəri Adam Skayf bunun yaxın aylarda baş verə biləcəyini iddia edir. Bildirilir ki, dünyanın ən böyük mərcan rifi olan və Avstraliya sahillərində 2600 km boyunca yerləşən Böyük Sədd rifi 2016-cı ildə də oxşar hadisə nəticəsində ciddi ziyan görüb.