-
- 12-01-2024, 10:48
- 307
Alimentin minimum məbləği qaldırıldı - RTV VİDEO
Bu ildən etibarən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb.
Bildirim ki, bu ildən etibarən Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Bu qanun 2024-cü il yanvarın 1-də qüvvəyə minib. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın qanunvericiliklə müəyyənləşdirilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Qeyd edək ki, Ailə Məcəlləsinin tələblərinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, iki uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, üç və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.