Maliyyə Nazirliyində hesabat xarakterli kollegiya iclası keçirilib
    • 12-04-2019, 17:52
    • 853

Maliyyə Nazirliyində hesabat xarakterli kollegiya iclası keçirilib

Aprelin 12-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2018-ci il dövlət büdcəsinin icrasına və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

News24.az
-ın məlumatına görə, iclası giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə ölkənin hərtərəfli dinamik inkişafı təmin edilib, makroiqtisadi sabitliyin və ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə, ümumi daxili məhsulun 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına, inflyasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə endirilməsinə nail olunub. Aprelin 11-də Prezident İlham Əliyevin inamlı və parlaq qələbə qazanaraq yenidən dövlət başçısı seçilməsinin 1 ili tamam olduğunu xatırladan S.Şərifov bildirib ki, ötən bir il ərzində müxtəlif sahələri əhatə edən sistemli islahatlar genişləndirilib, struktur islahatları nəticəsində dövlət qurumlarının fəaliyyəti optimallaşdırılıb, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb, şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi, fiziki şəxslərin problemli kreditlərinə dövlət dəstəyinin göstərilməsi ilə bağlı tarixi qərarlar qəbul edilib və beləliklə də, əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində növbəti dəfə mühüm addımlar atılıb. Nazir qeyd edib ki, cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib, 2018-ci ildə istehsal olunan ümumi daxili məhsulun 94,8 faizinə bərabər olub. 2018-ci ilin dövlət və icmal büdcələrin parametrlərinin icrasının qənaətbəxş olduğunu qeyd edən S.Şərifov bildirib ki, həm gəlir, həm də xərclər üzrə göstəricilər buna əyani sübutdur. Eyni zamanda, ölkə iqtisadiyyatının ötən ildəki inkişafı da dövlət və icmal büdcələrinin icrasına müsbət təsir göstərib. Qeyd olunub ki, ötən il icmal büdcənin gəlirləri 30 milyard 925 milyon manat və ya 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat çox, xərcləri 26 milyard 457 milyon manat və ya 1 milyard 274 milyon manat çox icra olunub. İcmal büdcə 1 milyard 549 milyon manat məbləğində profisitlə proqnozlaşdırılsa da, faktiki olaraq 4 milyard 468 milyon manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2 milyard 918 milyon manat və ya 1,9 dəfə çox deməkdir. 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 509 milyon manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360,0 milyon manat çox, 2017-ci illə müqayisədə isə 6,0 milyard manat çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 9 milyard 108 milyon manat və yaxud 103,5 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 305,0 milyon manat çox olub. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 731 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci illə müqayiəsədə 5 milyard 137 milyon manat çox olub. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı 728,0 milyon manat az və ya faktiki olaraq 223,0 milyon manat icra olunub ki, bu da ümumi daxili məhsulun 0,3 faizinə bərabərdir. Kəsirin maliyyələşdirilməsi maliyyə bazarlarında qiymətli kağızların yerləşdirilməsindən və özəlləşdirmədən daxil olan vəsaitlər hesabına həyata keçirilib. Kollegiyanın sədri bildirib ki, hesabat ilində Prezident cənab İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklərin və əsas dövlət proqramlarının, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət tədbirlərinin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılıb. 2018-ci ildə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər olduğunu deyən nazir bildirib ki, hesabat ilində "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və Yeni büdcə qaydası təsdiq edilib. “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilməkdə olan və iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların vacib elementlərindən biri olan Yeni büdcə Qaydasının tətbiqinə artıq cari ildən başlanılıb. Eyni zamanda, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enerək 3,8 faiz-bənd azalıb”, deyə nazir əlavə edib. İclasın yekununda Kollegiya “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin və hesabatın təsdiq edilərək “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasına, eləcə də gündəlikdəki digər məsələlərə dair müvafiq qərarlar qəbul edib.