-
- 19-01-2024, 20:47
- 354
Şəhid övladları "Şahdağ" turizm mərkəzində - VİDEO
Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Bakı və Abşeron rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir keçirilib.
News24.az xəbər verir ki, “Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində baş tutan sosial yönümlü tədbirdə 200-ə yaxın Vətən müharibəsi şəhidinin ailə üzvü iştirak edib. 3 günlük tədbir çərçivəsində şəhid ailələri üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, uşaqların oyun zallarında istirahətinə şarait yaradılıb. Bununla yanaşı müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də təlimçilər tərəfindən onlara xizəksürmə vərdişləri və texnikası öyrədilib.
3 günlük tədbir çərçivəsində həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanların uşaqları üçün Interaktiv oyunlar təşkil edilib, kulinariya üzrə master-klasslar keçirilib, o cümlədən tanınmış müğənilərin iştirakı ilə musiqili-əyləncəli proqramlar nümayiş olunub. Şəhid ailələri bu formatlı tədbirlərin həm onlar, həm də cəmiyyət üçün faydalı və dəyərli olduğunu qeyd ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı anmaq, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını sevgi ilə əhatə etmək, diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş, yadda qalan günlər bəxş etmək və şəhid uşaqlarının səmərəli istirahətini təşkil etməkdir.
Qeyd edək ki, sayca 4-cü dəfə təşkil olunan sosial yönümlü tədbirin davamı olaraq 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu formatlı daha 2 tədbirin keçirilməsi nəzərdə tutulub.