“Yoxluğunu yaşadım” - HƏR KƏSİ KÖVRƏLTDİ
    • 30-01-2024, 10:51
    • 13 364

“Yoxluğunu yaşadım” - HƏR KƏSİ KÖVRƏLTDİ

Aparıcı Azər Süleymanovun qızı dünyaya gəlib.

News24.az xəbər verir ki, bu haqda o, sosial media hesabında paylaşım edib. Azər bildirib ki, övladı dekabrda dünyaya gəlib:

"Tanış olun, qızım Layla Süleymanlı. 18 dekabr 2023-cü il, saat 16:08. "Qızınız oldu!"… Sənin gəlişinin müjdəsi dolu dünyanın ən gözəl cümlələrindən birinin ardından çox keçmədi ki, daha bir cümlə quruldu: Körpəniz çox ağırdır. Hər şeyə hazır olun.

Yer üzünün bütün səadətinin bir cümləyə sığa biləcəyini bilirdim. İki sözdən ibarət sadə, amma dünyanın ən xoşbəxt cümləsini də az öncə eşitmişdim. Sadəcə o an həm də anladım ki, insan yalnız torpağa deyil, bəzən bir kəlməyə, bir cümləyə də dəfn oluna bilirmiş… Bəzən bir cümlədə bütün ömür gəlib keçirmiş, bir cümlənin deyildiyi o bircə saniyədə illər ötər, əsrlər dəyişirmiş...

Mən o həftələrdə - bir əsrə tən günlərdə sən var ikən ən böyük yoxluğunu yaşadım. Gözümün önündə ola-ola əlinə toxuna bilmədən, qoxunun necə olduğunun həsrətindən yerə çökdüm, göyə çıxdım. Sən bu sınaqlarla dolu həyata gəldiyin ilk andan etibarən imtahan verməyə, mücadilə etməyə başladın, qızım. Dilərəm ilk savaşı qazandığın kimi, həyatın bütün sınaqlarından da belə məğrur çıxa biləsən. 8 illik həsrətdən sonra gələn payım. Bizi buraxmadığın üçün, getmədiyin üçün çox sağ ol, qızım. Həm də çox sağ ol ki, həyatımızı, ətrafımızı sahmana saldın. İllərdir əhatəmizdə, köksümüzdə yerləri yanlış olan insanları yerbəyer etdin, hər kəsin kimliyini, ürəyini aşkara çıxardın".

Qeyd edək ki, Azərin bir oğul övladı da var.

Könül İbrahim