Özəlləşdirmə çeklərinin aqibəti: Onların bünövrəsi... — ÖZƏL
    • 8-02-2024, 17:14
    • 1 328

Özəlləşdirmə çeklərinin aqibəti: Onların bünövrəsi... — ÖZƏL

Özəlləşdirmə çekləri ilə bağlı problem aktuallığını qoruyub saxlayır. Hazırda bir milyona yaxın vətəndaş çeklərlə bağlı tarixi ədalətin bərpasını gözləyir. Bu gün Azərbaycanda 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Bu çeklər əvvəllər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyırdı. Bu çeklərin yenidən istifadəsi gündəmə gələ bilərmi?  Vəsait insanlara necə geri qaytarıla bilər? 

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, ayrı-ayrı vətəndaşlarda qalan həqiqi payın xüsusi çəkisi çox azdır:

"Bu özəlləşdirmə çekləri demək olar ki, müəyyən insanlar tərəfindən gələcəkdə mənfəət əldə etmək məqsədi ilə yığılıb saxlanılıb. Hesab edirəm ki, bu artıq əldən çıxmış fayda kimi qəbul edilməlidir.  Onların bünövrəsi düzgün təmin edilmədiyi üçün sonrakı taleyi ilə bağlı da fikir söyləmək olmur. Ümumiyyətlə, bu çekin hər biri ayrı-ayrılıqda 1 milyon 600 min vətəndaşın əlində deyil. Fikrimcə, bu çeklər təxminən 10-30 min vətəndaşımızın əlində qalıb".

Məlumat üçün qeyd edək ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qəbul olunan qərara əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.