-
- 13-02-2024, 13:06
- 174
Avtobus zolaqlarının uzunluğu artırılacaq - RƏSMİ
Bakı şəhərində 180 müntəzəm marşrut xətti var ki, onların 101-i nağdsız ödənişə keçib. 600 avtobus nağdsız ödənişə keçməyib, onlardan da 350-də müəyyən problemlər var.
News24.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov “Rəqəmsal Dialoq” çərçivəsində deyib.
O qeyd edib ki, bu avtobusların texniki vəziyyəti nağdsız ödənişə keçiddə AYNA üçün müəyyən çətinliklər yaradır: “Bundan başqa, nağdsız ödənişə keçidlə bağlı daşıyıcılar tərəfindən də müəyyən müqavimətlər olur”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobusların cəlbediciliyini artırmaq üçün zolaqların əhatə dairəsini genişləndirməyi hədəfləyib. Şöbə müdiri vurğulayıb ki, avtobuslar tıxacda qaldıqları üçün bəzən bir dayanacağa ard-arda daxil olurlar: “Avtobus zolaqlarının əsas mahiyyəti onların tıxac olan ərazilərdə təşkil olunması və nəticə etibarı ilə də xətlərarası pozulan qrafiki bərpa etməkdən ibarətdir. Hazırda Bakı şəhərində 21 avtobus zolağı var ki, bu da təxminən 70 kilometri əhatə edir. Biz bu zolaqların 160 km uzunluqda olmasını planlaşdırırıq”.
AYNA rəsmisi vurğulayıb ki, hər bir daşıyıcının müəyyən maliyyə resursu olmalıdır:
"Daşıyıcının gediş haqqından müəyyən gəliri olmalıdır ki, qarajını və avtobus parkını yeniləsin. Etiraf edək ki, daşıyıcıların bu istiqamətdə müəyyən çətinlikləri var".
O qeyd edib ki, hazırkı maliyyə modeli müəyyən qədər qaneedici deyil: “Biz dayanıqlı maliyyə modeli təklif edirik. Hazırda bu istiqamətdə zəruri addımlar atılır. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı müəyyən təkliflər olacaq və bu da avtobusların yenilənməsinə müəyyən şərait yaradacaq”.
Emin Məcidovun sözlərinə görə, hazırda beynəlxalq nüfuza malik şirkətlə marşrut şəbəkəsinin optimallaşdırılması prosesi gedir, datalar toplanılaraq emal olunur, sərnişinlərin hərəkətliliyi müəyyənləşdirilir.