Audit fəaliyyətinin dəyəri və ölçülməsi beynəlxalq tədbirdə müzakirə edilib
    • 18-04-2019, 18:48
    • 833

Audit fəaliyyətinin dəyəri və ölçülməsi beynəlxalq tədbirdə müzakirə edilib

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin təşkilatçılığı ilə audit fəaliyyətinin effektivliyinin və cəmiyyətə verdiyi əlavə dəyərin ölçülməsində son yanaşmalara və çətinliklər mövzusuna həsr edilmiş müzakirələrdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində səfərdədir.

News24.az-a verilən məlumata görə, tədbirdə 16-dan çox ölkənin Ali Audit Qurumundan və təşkilatdan olan beynəlxalq iştirakçılar təmsil olunur.

Aprelin 18-də tədbirin açılışı olmuş və Maltepe Universitetinin Mədəniyyət Mərkəzinin Konfrans salonunda keçirilən müzakirələrdə açılış nitqi ilə Beynəlxalq Biznes, İqtisadiyyat və Marketinq Cəmiyyətinin (İBEMS) və onun Konqresin Prezidenti Prof. Dr. Tülin Durukan, Maltepe Universitetinin rektoru, Konqresin Fəxri Prezidenti Prof. Dr. Şahin Karasar, Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Baş, Türkiyə İqtisadiyyat Bankının Orta və Kişik Biznes üzrə məsləhətçisi Prof. Dr. Tamer Müftüoğlu və Marmara Universitetinin akademiki Prof. Dr. Oktay Güvemli çıxış edib və bu tədbirə göstərdikləri marağa görə bütün iştirakçılara təşəkkürlərini bildiriblər.

Daha sonra əvvəlcədən gündəlikdə müəyyən edilmiş mövzular üzrə təqdimatlar verilib. Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Başın moderatorluq etdiyi birinci sessiya zamani dövlət auditinin dəyər və faydaları, bu dəyərin ölçülməsi mövzusunda Maldiv Respublikası və Serbiya AAQ-larının rəhbərlərinin, Əfqanıstan Ali Audit Ofisinin Baş Auditorunun müavininin təqdimatları dinlənilib. Daha sonra kənar dövlət maliyyə auditi sahəsində mühüm əhəmiyyət daşıyan mövzular barədə təqdimatlar edilib  və müzakirələr aparılıb.
Ümumilikdə müzakirələr 6 istiqamət üzrə sessiyalarda, audit fəaliyyətinin əlavə dəyəri və onun ölçülməsi eləcə də müxtəlif AAQ-lar və maraqlı tərəflərin nöqteyi-nəzərindən bu sahə üzrə iştirakçıların münasibəti barədə fikir və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.