Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfirini qəbul edib
    • 22-04-2019, 18:36
    • 1 253

Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştadleri qəbul etdi. 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər. Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan nazir Elmar Məmmədyarov bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı.

İki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildirdilər.

Görüş zamanı həmçinin səfir Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirildi.

Səfir Filip Ştadler diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi. 

Nazir Elmar Məmmədyarov səfir Filip Ştadlerə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.