Baş Prokurorluq vətəndaşlara müraciət edib
    • 18-03-2024, 16:03
    • 214

Baş Prokurorluq vətəndaşlara müraciət edib

Baş Prokurorluq vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsi proseduru ilə bağlı müraciət edib.

News24.az Baş Prokurorluğa istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilərsə, prosedur hansı qaydada tənzimlənir?

Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.

Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

Əmlak Məsələləri Dövlət Komitəsi ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün vətəndaşın mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq rəy alındıqdan sonra qəbul edilir.

Bələdiyyə daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir".