Seyran Səxavət Füzuliyə köçür
    • 29-03-2024, 16:15
    • 745

Seyran Səxavət Füzuliyə köçür

“Mən gözləyirəm ki, çətin vəziyyətdə yaşayan camaatımız Füzuliyə qayıdıb yerləşsin, ondan sonra ordakı torpağımda ev tikəcəm. Ya da torpağın əvəzində mənə ev verərlər. Günü bu gün gedib Füzulidə yaşamağa hazıram”. 

News24.az bildirir ki, bunu Bakupost.az -a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.

O, altmış dörd ildir ki, Bakıda yaşadığını və darıxdığını bildirib:

“Düz altmış dörd ildir ki, Bakıda yaşayıram. Elə bilirəm ki, Füzulidən bura ezamiyyətə gəlmişəm, artıq qayıtmalıyam. Böyük məmnuniyyətlə elimə, obama qoşulmağa hazıram. İnsan həmişə kimliyinə qayıdanda xoşbəxt olur. İstər məkan, məqam, istərsə də anatomik kimliyi olsun, dəxli yoxdur. İstəyirəm ömrümün qalan hissəsini gedib orda yaşayım. Füzuliyə getsəm, ömrüm də uzanar. Sadəcə indi utanıram, camaatımız tam yerləşməmiş müraciət etmək istəmirəm. Amma belə bir planım var ki, gedib orda, öz yurdumda, elimdə, obamda yaşayım”.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 35 ailə -138 nəfər köçürülüb. Ümumilikdə isə Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin məskunlaşması təmin edilib.