Narkotikdən öldüyü iddia olunan 13 yaşlı yeniyetmə ilə bağlı TƏBİB-dən AÇIQLAMA
    • 1-04-2024, 16:44
    • 208

Narkotikdən öldüyü iddia olunan 13 yaşlı yeniyetmə ilə bağlı TƏBİB-dən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda 13 yaşlı yeniyetmənin narkotikdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd olunub ki, 2011-ci il təvəllüdlü Əli Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb. İddialara görə yeniyetmə “peredozdan” ölüb. 

News24.az bildirir ki, ailəsindən Bizim.Media-ya verilən açıqlamaya görə isə yeniyetmə narkotikdən deyil, qızılca virusundan dünyasını dəyişib. 

Faktı saytımıza Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) də təsdiqləyib. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 01.07.2011-ci il təvəllüdlü Babaşov Əli Rüstəməli oğlunun 16.12.2023-cü il və 17.12.2023-cü il tarixlərində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım bölməsinə  qızılca diaqnozu şübhəsi ilə müraciəti qeydə alınıb:

“Ə.Babaşova müvafiq tibbi yardımlar göstərilib, laborator müayinələr götürülüb. Yeniyetmənin növbəti müraciəti isə 11.03.2024-cü il tarixində qeydə alınıb.  

Həmin tarixdə Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış olub. Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu qoyulan yeniyetməyə həkim briqadası tərəfindən zəruri tibbi yardımlar göstərilib. 31.03.2024-сü il tarixində yenidən çağırış daxil olub və onun həkiməqədər ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.