-
- 30-04-2024, 16:02
- 371
"Elektrikə qənaət etmək üçün gecələr soyuducuları söndürürlər" - ŞOK İDDİA
Son zamanlar mağazalarda satılan meyvə şirələri ilə bağlı şikayətlər artıb. İnsanlar hətta iddia edirlər ki, bu şirələrin bir çoxu kiflənmiş olur və vaxtı keçmiş olur. Bu da insanların haqlı narahatlıqlarına səbəb olur.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, təssüf ki, insanlar ictimai nəzarət funksiyasını yerinə yetirmək istəmirlər.
“Ölkədə yaşlı insanlar var ki, bu məsələdə onlar bəzi cavan və orta yaşlı vətəndaşlarımızdan çox fəaldırlar. Hesab edirəm ki, bütün bu kimi hallarda hər kəs fəal olmalıdır. Fikrimcə, onlar səslərini media və dövlət orqanları vasitəsilə çatdırmalıdırlar. Marketlərdə vaxtı keçmiş məhsullar təəssüf ki, mövcuddur. İstənilən ərzaq məhsulları, şirələr qısa bir müddətdə artıq təhlükəli hala, yəni qıcqırmış, kiflənmiş formaya düşə bilər. Malların anbarda saxlanma şəraiti vacib amillərdən biri olmalıdır”.
E.Hüseynov həmçinin onu da qeyd edib ki, bu sahədə AQTA tərəfindən heç bir monitorinqlər aparılmır:
“Biz bəzən dükanlara giririk və görürük ki, pis qoxu gəlir. Bu, o deməkdir ki, elektrikə qənaət etmək üçün gecələr soyuducuları söndürürlər və səhər yandırırlar. İki il öncə AQTA-da çalışarkən, dəfələrlə məsələ qaldırdım. Bildirdim ki, biz marketlərdə, dükanlarda monitorinq aparmalıyıq. Soyuducuların işlənmə vəziyyəti, hətta işləyən zaman hansı temperatur rejiminə qoyulursa, bunlarla bağlı monitorinq aparılmalıdır ki, vəziyyəti öyrənə bilək. Lakin heç bir təşəbbüs AQTA tərəfindən dəstəklənmədi. Təəssüf ki, bu insanların tədricən zəhərlənməsinə, ömürlərinin qısalmasına, apteklərdə növbəyə durmasına, aptek şəbəkəsinin artmasına, klinikalarda növbəyə durmasına gətirib çıxarır”.
Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq . Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Mehriban Mirzəzadə